
«Karvan»ın Yevlaxa qayıdışı daha bir müddətə ertələnib.
13 illik aradan sonra Premyer Liqaya dönmüş «sarvanlar» doğma publika qarşısına çıxmaq üçün yenə gözləməli olacaq.
Bunun üçün konkret səbəb var - Yevlax şəhər stadionunun yeni salınmüş süni meydançası standartlara uyğun gəlməyib.
Belə ki, arenanı təftiş edən Peşəkar Futbol Liqasının (PFL) mütəxəssisləri burada bir neçə çatışmazlıq aşkarlayıb.
Məlum olub ki, sahəyə doldurulmuş tonlarla qumm o keyfiyyətdə deyil. Üstəlik, aramsız yağışlardan sonra meydançanın səthində bir qədər çökmə əmələ gəlib.
Odur ki, «xalça» sökülüb, torpaq qatı oradan çıxarılıb, başqa yerdən qum gətirilib.
«Karvan» mövsümün geridə qalan bölümündə ev oyunlarını Şamaxı Olimpiya Komplesində keçirib. Aktivində 5 xal olan komanda turnir cədvəlinin 10-cu pilləsində yer alıb.
SPORTİNFO.AZ