Kolxoz kimi idarə olunan klubdan gülməli və ağlamalı qərar – Bunu kim sifariş edib?

24 May 2022 14:40 Səbail 1 689
Kolxoz kimi idarə olunan klubdan gülməli və ağlamalı qərar – Bunu kim sifariş edib?

Mayın 13-də «Səbail»lə yeni müqavilə imzalayan Aftandil Hacıyev dünən vəzifəsindən ayrıldı.

2018-ci ilin yayında «Qarabağ»ın əvəzedici heyətinin sükanını Bayıl klubuna dəyişən mütəxəssisin istefasının səbəbi hələ rəsmən açıqlanmır.

İdman direktoru Fərəc Əliyev mətbuatı, sadəcə, «yola verir», konkret demir ki, bu vida hansı zərurətdən yarandı.

Onun nala-mıxa vuran açıqlamalarından belə anlaşılır ki, rəhbərliklə baş məşqçi arasında fikir ayrılığı yaranıb və kompromiss əldə etmək mümkün olmayıb.

Vaxtilə «İnter»də operator işləmiş, daha sonra karküzarlıq sahəsinə yönləndirilmiş, AFFA-nın başında yer alan bir qrupun dəstəyi ilə «Səbail»ə urcah edilmiş Əliyevin son hadisəylə bağlı müxtəli media orqanlarına dediyi sözləri ümumiləşdirsək, bu qənaətə gələrik: klub etibarlı əllərdə deyil və heç sovet dönəmindəki kolxoz standartları ilə də idarə olunmur.

«Səbail» uzun illərdir bərabər çalışdığı məşqçi ilə imzaladığı yeni müqaviləni 10 gün sonra pozur - güliməlidir, deyilmi?

«Fikir ayrılığı yarandı» deyilir: məgər kontraktın müddəti uzadılarkən, cari işlər müzakirə edilməmişdi?

Aydındır ki, sözləşmə artırılarkən, növbəti mövsümlə bağlı məsələlər, tələb və şərtlər üst-üstə düşməlidir.

Qarşılıqlı olaraq razılaşma əldə olunmamışdısa, ikitərəfli öhdəliklər götürülməmişdisə, məqsədlər ətrafında ortaq məxrəcə gəlinməmişdisə, o birillik müqavilə necə imzalanmışdı?

Arxı keçmədən «hop» demək ancaq «Səbail»i idarə edənlərin ağlına gələ bilərdi, necə ki, belə də etdilər.

Əlbəttə, klubun baş sponsorunun - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) dünənki hadisədə iştirakı birmənalıdır.

Fərəc Əliyev və ya digər ikinci-üçüncü dərəcəli fiqurlar onlardan icazəsiz bu addımı ata bilməz.

Şəkk yoxdur ki, göstəriş də elə ASCO-dan – futbol təsərrüfatında işləri necə qurmaq və nizama salmağı bilməyən şəxslərdən gəlib.

Və o da şübhə doğurmur ki, bu sektorda təcrübəsi olmayan zatlar haralarlasa baş məşqçi məsələsini müzakirə edib.

Böyük ehtimalla, «ağıllı məsləhət» AFFA-dan verilib. Bəlkə də biz yanılırıq, lakin pərdənin arxa tərəfindən gələn səslər federasiyanın bu məsələdə barmağının olmasını düşünməyə əsas verir.

Çünki hələ 1 ay öncə mətbuatda belə xəbərlər yayılmışdı ki, AFFA Hacıyevi vəzifədən uzaqlaşdırmaq üçün səfərbər olub və konkret addımlar atır.

Görünür, Premyer Liqanın son turunda «Sumqayıt»a səfərdə 0:5 hesablı məğlubiyyət onlar üçün «yağlı bəhanə» oldu.

Qarşılaşmanı izləyənlər, yəqin ki, bizimlə həmfikirdir: «Səbail»in əksər futbolçuları 90 dəqiqə ərzində istəksiz təsir bağışladı, mövsümboyu heç bir oyunda rəqiblərinə 2-dən artıq qol vura bilməyən, ümumiyyətlə, qol vurmağa çətinlik çəkən «Sumqayıt»a hər cür epizodda fərqlənmək imkanı yaratdılar.

Bunu qəsdən elədilər, yaxud belə alındı – hamısını buraxırıq öz vicdanlarına. Bu yerdə bir məqamı da zibil qutusuna atmayaq: mövsümün axırıdır və komanda üzvləri bilir ki, onlara yeni müqavilə təklif olunmayacaq, belədə hansı həvəslə və nə üçün meydanda mübarizə aparsınlar?

Peşəkar olsaydılar, başqa məsələ. «Səbail»də çıxış edənlərin çoxu əlacsızlıqdan, başqa klub tapa bilmədiklərindən, Bayıla yığışıb. «Səbail» mövcud olmasaydı, ya I Divizionda, ya da Region Liqasında gün keçirəcəkdilər.

Gələn mövsüm iddialı olacağı bilinən bu komandada qalmayacaqlarını hiss edən futbolçuların «Sumqayıt»ı 5:0-la sevindirməsində də, belə baxanda, qeyri-adi nəsə yoxdur. Yenə deyirik, peşəkarlıqdan uzaqdırlar, bugünlə yaşayırlar.

AFFA-nın Hacıyevin arxasınca düşməsinin səbəblərinə gəlincə, bu, çoxdandır var. Federasiya rəhbərliyi daim müxtəlif səviyyələrdə çalışıb ki, «Səbail»ə öz məşqçisini yerləşdirsin.

2019-cu ilin yayında baş verən hadisələri xatırlayaq. Hacıyev birinci mövsümündə komandaya Premyer Liqanın bürünc medallarını qazandırdı, Avropa Liqasına daşıdı.

İki tarixi hadisəni birdən reallaşdıran baş məşqçini klub rəhbərliyi əllərinin üstündə gəzdirməli idi.

Fəqət, yeni sezonun startına sayılı günlər qalmış AFFA-dan aldıqları təlimat əsasında büdcəni dəfələrlə aşağı çəkdilər, zərbə ağır oldu: əksər futbolçular düşərgəni tərk etdi, iddia tamamən itdi.

Sonrakı mənzərə gözümüz önündədir – «Səbail» 3 ildir sürünür. Ayrılan vəsait ilbəil azalır, Hacıyev ildə iki dəfə – yayda və qışda yenidən yığmalı olur.

Bu müddətdə ona «Zirə», «Şamaxı» kimi klublardan, o cümlədən, ölkə xaricindən (Türkiyədən) təkliflər gəlir, lakin «mən ipiqırıq adam deyiləm, belə çətin vəziyyətdə buranı atıb getməyi özümə sığışdırmıram» cavabı verir və qalır.

Ötən 3 ildə «Səbail»də bütün işləri demək olar özü təkbaşına görür. Həm rəhbər, həm sıradan işçi kimi. «Səbail» adicə xadmiyə verməyə pul tapmır, bir o qalır, desinlər ki, al bu «Net»i, bazada təmizlik işlərini də sən gör.

Desəydilər, bəlkə onu da edərdi. Utanmadan, çəkinmədən. Axı Hacıyev ona Premyer Liqada ilk dəfə şans vermiş şəxsin – Tamerlan Abdullayevin xətrinə bütün çətinliklərə qatlaşmağı gözünün altına almışdı və qatlaşdı da.

Hətta Abdullayev AFFA-nın təzyiqləri qarşısında əldən düşüb klubla bütün bağlantılarını kəssə də, o, «Səbail»dən qopmadı, «çətin günün adamı» ünvanını sonadək qoruyub saxladı.

Bəs Fərəc Əliyev? ASCO rəhbərliyi, doğrudan da, «Səbail»ə yeni görkəm vermək istəyirsə, iddialı klub olmasında qərarlıdırsa, adını çəkdiyimiz idman direktoru ilə bağlı hərtərəfli araşdırma aparsınlar, heç olmasa, onun «İnter»dən (indiki «Şamaxı») nəyin üstündə uzaqlaşdırılmasının səbəblərini öyrənsinlər.

Onda onlara bir çox həqiqət əyan olar. Həmin proses uzaq keçmişdə baş verməyib ki, bütün izlər itsin, qovluğun üzərini qalın toz bassın.

Maraqlı fakilar var orada, açılmasını, səhifələnməsini gözləyir…

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti