"Sabah" Konfrans Liqasının ikinci təsnifat mərhələsinin RFS ilə cavab görüşünə hazırlıqların davam etdirir.
Səfər qarşılaşmasından 2:0 hesablı qələbə ilə qayıdan komandanın düşərgəsində ab-hava ən üst səviyyədədir.
Bütün heyət zədəsiz, cəzasız baş məşqçi Murad Musayevin sərəncamındadır.
Hətta rusiyalı mütəxəssisin Masazırdakı matçda imkanları daha da geniş olacaq.
Belə ki, yay fasiləsində hələlik sonuncu saya biləcəyimiz yeni transfer Maruan Hadudi də qarşıdakı oyunda onun sərəncamında olacaq.
Əslində mərakeşli müdafiəçi ilk matçdan əvvəl RFS ilə oyunlar üçün UEFA-ya sifariş olunub.
Sadəcə əcnəbi oyunçunun düşərgəyə gec gəldiyini nəzərə alan Murad Musayev onun adını Latviyadakı görüşün protokoluna salmağa ehtiyac görməyib.
Lakin arxadan qalan bir həftədə komanda ilə məşqlərdə aktiv iştirak edən 31 yaşlı mərkəz müdafiəçisi cavab görüşündə rusiyalı mütəxəssisin sərəncamında olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

