RFŞ "Sabah"a rəqib olanda sevinmişdik.
Hər halda Latviya klubundan münasib başqa rəqib kim olacaqdı ki?
Amma kiçik araşdırmadan sonra daxilimizdən "tələsmə" siqnalı eşidilməyə başladı.
Bəli, rəqib Latviya təmsilçisidir. Amma cəmi bir il əvvəl Azərbaycan təmsilçilərindən "Qarabağ"dan başqa heç kimin bacarmadığını bacaran klubudur.
Söhbət Konfrans Liqasının qrupunda çıxış etməkdən gedir. Deməli, ayaq saxlamaq, ehtiyatlı olmaq mütləqdir.
Elə Murad Musayevin yetirmələri də meydana ehtiyatı əldən vermədən çıxmışdı. Ancaq iddiası, mübarizəsi də öz yerində.
Musayev rəqibi elə yaxşı analiz etmişdi ki, heç kəşfiyat xarakterli hücumlara yer qalmadı. Qonaq meydanında özünü evdə kimi hiss etdirən futbolçular vurduqları iki cavabsız qolla səfərdən sərfəli nəticə ilə qayıtmağı bacardılar.
Sevindirici məqamlardan biri ötən mövsüm olduğu kimi "Sabah" yenə asanlıqla qol epizodlarına girə bilirdi. Və vurulan hər iki qol hansısa təsadüf yox, baxımlı hücumların məhsuluydu.
Hər iki qoldan öncə də meydan sahiblərinin ərazi üstünlüyü diqqət mərkəzindəydi. Belədə avrokuboklarda debüt edən klubun soyuqqanlı tərpənib qolları vurması xüsusi məqam kimi qiymətləndirilməlidir.
Düzdü, rəqib üçün da az qol imkanları yaranmadı. İki dəfə tir dadımıza çatdısa, ən azı 2-3 dəfə də Yusif İmanov səhnəyə çıxmalı oldu.
İmanovdan söz düşmüşkən, növbəti dəfə Murad Musayev ona güvənməklə doğru seçim etdiyini göstərmiş oldu. Təəssüf ki, hələ də içimizdə bu addımına görə Musayevi qınayan adamlar var.
Amma rusiyalı mütəxəssisə bu qərarına görə də, komandasının nəticə və oyununa görə də alqış düşür.
Qarşıda daha bir həftə var. RFŞ Musayev üçün daha açıq qutudur.
Toplanışdan yeni qayıdan kollektiv xətlər arasında əlaqəni bir qədər də yaxşılaşdırsa, arxada buraxılan boşluqlar qismən aradan qaldırılsa doğma divarlar arasında daha asan qarşılaşmanın bizi gözlədiyini ehtimal etmək olar.
Belədə Riqada qazanılan parlaq qələbəni Masazırda növbəti mərhələyə çevirmək elə də çətin olmayacaq.
XANOĞLAN İMANOV

