2022-ci ilin martından Azərbaycanda çıxış edən Aleksey Kaşuk “Sabah”dan ayrılıb.
Masazır klubunun Donetsk “Şaxtyor”undan icarəyə götürdüyü yarımmüdafiıçi bu haqda sosial şəbəkədə paylaşım edib.
Ukraynalı vinger Azərbaycan Premyer Liqasında keçirdiyi 39 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Sabah” Premyer Liqada mövsümü ikinci pillədə başa vuraraq, ilk dəfə Konfrans Liqasında iştirak hüququna yiyələnib və bu uğurda Kaşukun payı böyükdür.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a bildirib ki, “Şaxtyor” Alekseyi yenidən onların sərəncamına vermək istəməyib:
“Aleksey Kaşukun klubumuzla icarə müqaviləsi mövsümün sonunda bitmişdi. Mövsüm bitdikdən sonra o, müqavilə ilə məxsus olduğu "Şaxtyor"a qayıtdı.
Bəli, onunla bağlı müəyyən danışıqlar olmuşdu. Ancaq futbolçu müqaviləylə Donetsk təmsilçisinə məxsus olduğu üçün yekun qərar da bu kluba məxsus idi.
Onlar da futbolçunu saxlamaq qərarına gəldilər. Onun bundan sonra "Şaxtyor"da qalacağı və ya başqa kluba yollanması ilə bağlı qərarı özləri verəcək”.

