“Sabah”dan MESAJ VAR: “Artıq onu unutmuşuq“

10 Mart 2023 16:40 Sabah 551
“Sabah”dan MESAJ VAR: “Artıq onu unutmuşuq“

Son oyunlarda ikinci “5-lik”də yer alan komandalarla üz-üzə gələn “Sabah”ın işləri qaydasında getmirdi.

Doğma meydanda “Turan Tovuz”a 0:2, səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzan “tələbələr” ötən həftə “Kəpəz”lə qarşılaşmada “şeytanın qıçını qırdı”.

Gəncəlilərin 17-ci dəqiqədən etibarən azlıqda oynaması Murad Musayevin yetirmələrinin işinə yaradı ki, meydan sahibləri 2:0-lıq qalibiyyətə sevindi.

Qarşıda “Sabah”ı elitada qalmaq uğrunda yarışan başqa bir komanda – “Sumqayıt”la gərgin mübarizə gözləyir.

Qış fasiləsindən sonrakı 7 matçda 3 qələbə qazanan “kimyaçılar” kifayət qədər təhlükəli rəqib hesab olunur. Yanvarda legionerlərlə güclənənən sumqayıtlılar “Turan Tovuz”, “Şamaxı” və “Səbail” kimi əsas rəqiblərini məğlub edib.

İndi isə sıra “Sabah”dadır. Samir Abasovun çalışdırdığı kollektiv Masazırdakı oyunda rəqibini büdrətmək istəyir. Bunun nə dərəcədə mümkün olacağını 90 dəqiqənin tamamı göstərəcək.

Komandasının nigeriyalı hücumçusu Emmanuel Apeh Sportinfo.az-a açıqlamasında “Sumqayıt”la görüş barədə danışıb:

“Bizi çətin oyun gözləyir. İnanıram ki, bu matç da bizim üçün yaxşı keçəcək.

Artıq əvvəlki oyunları unudub yalnız bu görüşə köklənmişik. Meydanı qələbə üçün tərk etmək üçün əlimizdən gələni edəcəyik”.

Bu gün “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Sumqayıt” oyunu saat 19.00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti