Bir QALMAQALın iç-üzü - Musayev Suraxanıdakı hirsini Masazıra daşıdı və...

23 Fevral 2023 23:40 Sabah 861
Bir QALMAQALın iç-üzü - Musayev Suraxanıdakı hirsini Masazıra daşıdı və...

"Sabah"ın "Turan Tovuz"a məğlubiyyəti gözlənilməz oldu.

Oyundan öncə belə sonluğu Premyer Liqamızı yaxından izləyən heç kim yaxın buraxmazdı.

Əla mövsüm keçirən paytaxt klubu heç iddialılarla görüşdə belə asanlıqla təslim olmur

Qərb təmsilçisi isə bütün proqnozları alt-üst edərək səfər meydanında parlaq qələbə qazandı.

Masazır təmsilçisi məğlubiyyətlə bərabər, həm də baş məşqçi Murad Musayevi yəqin ki, minimum 3-4 tur itirmiş oldu.

O, ilk hissədə baş hakimin qərarına sərt etiraz edincə qarşısında qırmızı vərəqə gördü.

Əcnəbi baş məşqçi futbolçu və məşqçi heyəti böyük çətinlik bahasına nisbətən sakitləşdirə bildi.

Musayevin hərəkətləri futbol ictimaiyyətində ciddi müzakirələrə yol açmış oldu.

Məğlubiyyəti başa düşdük. Həqiqətən daha yaxşı heyətə, daha yaxşı büdcəyə sahib olduğun halda belə məğlubiyyətlər asan həzm oluna bilməz. İstənilən tənqid qəbulolunandır.

Amma rusiyalı mütəxəssisin aldığı qırmızıya görə topun-güllənin önünə keçirmək insafdan deyil axı.

Əvvəla, ölkəmizə gəldiyi ilk gündən bilirik ki, gənc mütəxəssis çox aqressiv biridir. Və dünya futbolunda belə məşqçilər yoxdurmu? Əlbəttə, var. Elə götürək Dieqo Simeoneni. Adamın çılğınlığı heç kimlə müqayisə oluna bilməz. Və belə persona olaraq qəbul edilir.

Hamı sakit təbiətli insan ola bilməz də. Real həyatda da, müxtəlif peşə sahibləri də fərqli xasiyyətlərə məxsusudur. Həmçinin də emosiya oyunu olan futbolda.

Murad Musayev çılğın biridir, amma bu dəfə onu özündən çıxaran haqqlı səbəblər də vardı. Əgər bir tur əvvəl "Qarabağ"la önəmli oyunda onun komandasının özü də dediyi kimi 200%-lik penalı verilmirsə, hakimlərə qarşı belə davranması normal deyilmi?

Cəzası bitəndən sonra da oxşar hərəkətləri biz görə bilərik. "Qarabağ"la oyunda 200%-lik penal verilmirsə, şuur altı olaraq "hakimlər önümüzü kəsir, haqqımızı yeyir" fikri insanda hakim olmaya bilməz. Məhz o fikirlərdir Murad Musayevi daha da çılğınlaşdıran, özündən çıxaran.

Məsələn, Suraxanıdakı oyunda olan ciddi xəta baş verməsəydi, əminəm ki, "Sabah"ın baş məşqçisi bu dəfə epizoda daha soyuqqanlı yanaşacaqdı. Bir sözlə, "Qarabağ"la oyunda yığılan hirs "Turan"la oyunda "partla"dı.

Düzdü, bir qədər təmkinli olsa, özü və komandası üçün daha yaxşı olar.

Amma məncə, bunun üçün həm də hakimlərin "Sabah"a qarşı ədalətli, diqqətli olması lazımdır.

Axı haqqın yeyilməsi pis şeydir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti