"Sabah"ın 16 turluq məğlubiyyətsizlik seriyasına "dur" deyən tapıldı.
Bu komanda nə "Neftçi" oldu, nə də "Qarabağ". Heç "Zirə", "Qəbələ" də deyil.
Söhbət debutant "Turan Tovuz"dan gedir.
Qələbə seriyasına qədəm qoyan qərb təmsilçisinin növbəti qurbanı Masazır klubu oldu.
Murad Musayevin yetirmələri ilk dəfə 7-ci turda "Qarabağ"a uduzub. Amma komanda onda belə məğlubiyyətə layiq çıxış etməmişdi.
Yəqin ki, çempionluq şansı bu məğlubiyyətlə də bitdi. Açığı, böyük şansı olduğunu əvvəl də düşünmürdüm. Bu komanda üçün bu ili ilk üçlükdə başa vurmaq uğur sayılmalıdır. İkinci pillə isə boyundan yuxarı tullanmaq.
İndidən qəti demək olar ki, yayda "Sabah" Avropa arenasında ölkəmizi təmsil edəcək. Fərq etməz, bu 2-ci yerlə olsun, ya 3-cü yerlə.
Yəni Tovuz təmsilçisinə məğlubiyyət dünyanın sonu deyil. Mövsümün yekun nəticəsinə də əhəmiyyətli təsir edəcək kimi görünmür.
Amma son oyundakı uğursuzluq böyük dərs olduğu mütləqdir. Ölkə kubokunda autsayder "Səbail"lə məğlubiyyət kubokdan kənarda qalmağa səbəb oldu. Debutant "Turan"la oyunda uduzmaq isə yenicə qızışan çempionluq mübarizəsin söndürmüş oldu.
Allah eləməsin, yayda elə ilk mərhələdəcə bu çəkidə rəqiblərdən biri "Sabah"ın avrokuboklardakı siftəsini korlaya bilər. Murad Musayev yetirmələrin bu tip rəqiblərlə oyunda ayıltmağı bacarmalıdır.
Mütləq və mütləq məğlubiyyətdən nəticə çıxarılmalı, boşluqlar aradan qaldırılmalıdır. Artıq indidən avrokuboklarlın planlarını qurmaq olar.
Çünki bu komandanın Avropa arenasında da bizi sevindirəcəyinə böyük inam var. O inamı baş məşqçi və futbolçular özü verib. Amma özünən az büdcəli, zəif heyətli klublara uduzmaqla həmin inamı puç etmək olmaz.
İki dəfə olub. Allah üçüncüdən qorusun.
XANOĞLAN İMANOV

