“Qarabağ” Avropada tarix yaza-yaza gedir.
Bu tarixin növbəti şanlı səhifəsi Braqanın məşhur dağlıq-qayalıq stadionunda yazıldı.
Ağlasığmaz olsa da, reallıqdır! Futbolda Azərbaycan hara, Portuqaliya hara?!
Portuqlaiya dünya futboluna fiqular, ruy koştalar, dekular və ən nəhayət, son 20 ilin “futbol kralı” Kriştianu Ronaldonu bəxş edən, millisi millimizə 7 cavabsız qol, klubu “Sportinq” ən güclü klubumuz “Qarabağ”a 6 qol vuran ölkə, biz də avrokuboklarda 4 klubundan 3-ü “ağzından vurularaq” dərhal geri qaytarılan, millisi FİFA reytinqində ilk “yüzlüy”ə həsrətlə baxan, çempionatı düz-əməlli idman prinspləri əsasında keçirlməyən ölkə.
Normal məntiqə sığmır, amma “Qarabağ” “Braqa” ilə matçda 2 ölkənin futbolu arasında olan bu kəskin fərqin üstündən əzərək keçdi.
“Qarabağ” Azərbaycan futbolu tarixində Avropa Liqasının 1/16 finalında oynayan ilk komanda olsa da, “Estadio Munsiıpial de Braqa”da nə həyəcanı hiss olundu, nə təşvişi.
Qurban Qurbanovun futolçuları cox təmkinlə, soyuqqanlıqla oyunu qururdu, “Braqa” isə bunu gözləmirdi. Onlar “Qarabağ”ın belə rahat oynayacağını proqnozlaşdırmamışdı.
“Qarabağ”ın cinah müdafiəçiləri Azərbaycan çempionatında olduğu kimi, Portuqaliya klubu qarşısında cəsarətlə hücumlara qoşulurdu və belə hücumlardan birində Elvin Cəfərquliyev komandamza penalti qazandırdı.
Oyunun ən yaxşılarından Marko Yankovic qapıçı Mateusa hec bir şans vermədi.
Ev sahibinin cavabı fasilə ərəfəsində gəldi. “Qarabağ”ın qokiperi Andrey Lunyov çıxışda səhvə yol verdi və “Braqa”nın ən təhlükəli “silah”larından biri - konqolu Simon Banza hesabı bərabərləşdirdi.
Futolda belə bir deyim var: meydandan silmək. “Qarabağ” ikinci hissədə portuqallara bax bunu etdi!
Düzdür, həm ikinci, həm üçüncü qolda hakim sevinci bir neçə saniyəlik gözümüzdə qoyub, VAR-la əsəblərimizi sınağa çəkdi. Amma yaxşı ki, sonda həm Zubirin, həm Juninyonun qolları sayıldı.
Dördüncü qolu da vuran Zubir dubl müəllifi oldu. Səfərdə 4:1yetərincə samballı qələbə idi.
Təəssüf ki. son dəqiqələrdə müdafiəçimiz Mateus Silva lüzumsuz yerə penaltiyə səbəb oldu və “Braqa”ya fərqi azaltmaq şansı verdi.
Hərçınd matçı yenə 3 topluq fərqlə bitirmək şansımız vardı. Yenə təəssüf ki, gənc Nəriman Axundzadəni qapıçıyla təkbətək epizodda necə həyəcan basdısa, fikrini qətiləşdirib qərar verə biımədi.
Ümid edək ki, Bakıdakı cavab oyunundan sonra Nərimanın bu epizodu yadımıza düşməycək. Cavab matçına qədər hələlik bu fantastik qələbənin dadını çıxaraq,
“Qarabağ”ın 3 oyunçusunun - Lunyov, Yankovic və Zubirin Avrloliqada həftənin rəmzi komandasına düşməsinin, ilk dəfə Portuqaliya klubları üzərində qələbəmizin sevincini yaşayaq.
Çempionlar Liqasından Avroliqaya gələn 8 komandadan yalnız ikisi ilk oyunlarda uduzdu - onlardan biri “Yanq Boyz”dur, digəri də “Qarabağ”ın “qurban”ı “Braqa”.
Amma hələ məsələ həll olunmayıb. Yalnız fevralın 22-də Bakıda keçiriləcək cavab oyunundna sonra rahat nəfəs almaq olar.
“Braqa”,
Şübhısiz ki, Bakıya revanş ücün gələcək. “Qarabağ”ın 1/8 final mərhəlsinə bu qədər yaxın ikən, mübarizəni dayandırması bizim üçün böyük şok olar.
Ona görə də 22 fevral axşamı hamı stadiona! Futbolda illərdir o qədər acı yaşamışıq ki, belə qələbələrə çox ehtiyacımız var.
İlkin Fikrətoğlu

