“Qarabağ” azarkeşlərinin sevimlisinə çevrilən Abdullah Zubir “Braqa” səfərində 2 qolla yadda qaldı.
Bu qollar təkcə komandasına fayda vermək baxımından önəmli deyildi.
Fransız yarımmüdafiəçi dubl sahibi olmaqla həm də ən məhsuldar futbolçular sırasında liderliyi ələ aldı.
“Braqa” ilə matça qədər Reynaldo ilə Zubir avrokuboklarda “Qarabağ”ın heyətində hərəyə 11 qol vurmuşdu.
Abdullanın Portuqaliyada dubl etməsi qolların sayının 13-ə, özünün isə birinci pilləyə yüksəlməsinə səbəb oldu.
Sən demə, fransalı “10 nömrə”nin bundan xəbəri yox imiş.
Məlumatı hava limanında Sportinfo.az-ın əməkdaşından (bəndənizdən) eşidən səbəbkarın reaksiyası keçmiş komanda yoldaşının ünvanına tərif yağdırmaq oldu:
“Bu xəbəri eşitməkdən məmnunam. Açığı, xəbərim yox idi, heç kim bu barədə mənə deməmişdi.
Reynaldo ilə eyni sırada yer almaq, onunla müqayisə olunmaq məni xoşbəxt edir.O, “Qarabağ”ın ən yaxşı futbolçularından idi.
Daha doğrusu, ən yaxşı futbolçusu. Bilirəm ki, “Qarabağ”da böyük işlər görüb, azarkeşlərin sevgisini qazanıb.
İşim komandama fayda verməkdir. İmkan daxilində qol da vururam. Bundan sonra şans yaransa, yenə qol vurmağa çalışacağam”.
2018-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyan Adullah Zubir bütün turnirlərdə meydana çıxdığı 247 oyunda 57 qol, 64 assistlə yadda qalıb.
Reynaldo isə 131 qarşılaşmada 61 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
HƏBİB

