«Braqa» doğrudan doğruya məğlub edildi.
Portuqaiyadakı dünənki oyun ikipərdəli «döyüş»ün birinci hissəsidir.
Yekun «döyüş» gələn həftə Bakıda keçiriləcək və əgər «Qarabağ» yenə istədiyi nəticəni qazansa, uca səslə “hə, bu «müharibə»ni udduq» söyləyə bilərik.
"Munisipal" əhli «Qarabağ»ı alqışladı. Qayalar arasında tiklmiş stadiona toplaşan minlərlə portuqaliyalı komandamızın vurduğu dördüncü qoldan sonra ayağa qalxdı.
Bu mənzərəni seyr etmək həqiqətən qürurvericidir. Fəxr edirsən ki, sən azərbaycanlısan və sənin «Qarabağ»ın var.
Mən bu sözləri gələn həftə bir daha təkrar etmək istərdim. İstərdim ki, «Braqa»nı küçümsəməyək, dünənə qədər bizə baxdıqları kimi onlara baxmayaq.
Bu, çox təhlükəlidir!
«Braqa» püşkdən sonra «Qarabağ»ı saymadı.
Əsla ciddiyə almadılar a! Çempionlar Liqasının qrupunda «Real»la mübarizə aparmış «Braqa»ya elə gəlmişdi ki, çempionumuzu mübarizə aparmadan, elə gəzə-gəzə «sürüyəcək», 5-6 topluq fərqlə qalib gələcək, Bakıya səfəri formaliteyə çevirəcək.
Portuqaliya klubu «B», «C» və digər variantların heç birinə hazırlaşmadı. Bunu ağıllarının ucundan belə, keçirmədilər.
«Qarabağ» adlı-sanlı rəqbini tərs ayaqda yaxaladı, ayılmasına, özünə gəlməsinə imkan vermədi.
Qurban Qurbanovun evdəki hesabı Braqa bazarına uyğun gəldi. «Braqa»nı necə incələmişdi, «Qarabağ» da o hesab-kitabla da fərqli hesaba imza atdı.
Dünən saat 00:00-dək desəydin ki, «Qarabağ» hətta 1:0 qalib gələcək, gülərdilər. Çoxluq sənə tənə edəcək, məsxərəyə qoyacaqdı.
Deyəcəkdilər ki, başına soyuq dəyib, get, özünü həkimə göstər.
Qorxu var idi hər birimizin içində. Nə gizlədim, elə mənim özüm də «Qarabağ»ın böyükhesablı məğlubiyyətindən narahat idim.
Sən saydığını say, gör, Qurban Qurbanov nə sayır! O, gerçək bir şəxsiyyətdir.
Bir məşqçidən daha artıqdır.
Ölkəmiz adına böyük dəyərdir, canlı əfsanədir! Yaşa, Qurban Qurbanov! Min yaşa! Yaşa ki, biz də futbolun həzzini yaşayaq!
ELNUR

