
Bu il «Qarabağ» üçün bir nömrəli məqsəd Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq idi, qazandılar.
«Şelbrun», «Şkendiya» və «Ferensvaroş» sədlərini bir-bir aşdılar, 2017-ci ilin yay sevincini yenidən Azərbaycana bəxş etdilər.
Səkkiz il ara az vaxt deyil, üstəlik, keçən mövsüm Avropa Liqasının liqa mərhələsinin 36 iştirakçısı arasında sonuncu yeri tutmaqları hələ Qurban Qurbanovun yadından çıxmayıb.
Odur ki, bu ssenarinin təkrarlanmasını istəmir. Və nə edir? Komandasının gücünü düzgün bölüşdürməyə, ağırlığı Çempionlar Liqasına verməyə çalışır.
Bunun üçün o, iki heyət formalaşdırıb. Bir heyət avrokuboklarda forma geyinəcəksə, digərləri Premyer Liqada şans qazanacaq.
«Qarabağ» bu yay 6 transfer edib. Yeni gələnlərdənq yalnız Pedro Bikalyo ilk «11-lik»də özünə yer tapıb, digərləri isə hələ də öz sırasını, öz şansını gözləyir.
Onlar üçün Premyer Liqa normal platformadır. Kim daxili çempionatda isbat mərhələni uğurla adlasa, Qurban Qurbanov ona qitə arenasında da şans tanıyacaq.
Yenilərdən bir neçəsi «Karvan»la qarşılaşmada belə bir fürsət yaxaladı.
Baş məşqçi razı qaldımı? Zənn etmirəm.
Hesab qələbə hesabıdır, oyun isə idealdan uzaq. «Karvan» bir az təcübəli olsaydı, 1 xalı qurtarardı.
Emmanuel Addainin qol vurması Qurban Qurbanovu sevindirdi yəqin. Qanalı yarımmüdafiəçinin yenidən ilk «11»ə dönmək üçün etdiyi canfəşanlıq baş məşqçinin onunla bağlı düşüncələrini təkrar müsbətə tərəfə çevirəcək.
MUSA