
"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion artıq bilinib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Ağdam klubunun rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcəyi qeyd edilib.
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam klubunun ilk ev oyunu oktyabrın 1-də "Kopenhagen"ə (Danimarka) şarşı olacaq.
"Qarabağ"ın digər ev oyunları noyabrın 5-də "Çelsi"yə (İngiltərə), dekabrın 10-da "Ayaks"a (Niderland) və yanvarın 21-də "Ayntraxt"a (Almaniya) qarşı olacaq.
"Qarabağ"ın Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək ehtimalı da müzakirə olunurdu.
Yayılan son xəbərlərə görə, "köhlən atlar"ın "Çelsi"ni BOS-da qəbul etmək ehtimalı var. Söz-söhbətlərə inansaq, ölkə rəhbərliyi Ağdam təmsilçisinin İngiltərənin məşhur klubunu məhz bu arenada qəbul etməsini istəyir.
"Qarabağ" londonlu "zadəganlar"la noyabrın 5-də qarşılaşacaq. Üç gün sonra isə Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
Bu məlumatları "Qarabağ"dan dəqiqləşdirməyə çalışdıq. Redaksiyamıza bildirildi ki, UEFA sifariş vərəqində iki stadionun adının qeyd olunmasına icazə verir. Lakin BOS-u ehtiyat variant kimi orada qeyd etməyə zərurət duyulmayıb.
Klub "Tofiq Bəhramov"da müəyyən yenidənqurma işləri aparmağı öz üzərinə götürüb və artıq bu istiqamətdə bəzi addamlar atılmaqdadır.
UEFA-nın təmsilçiləri təlimat üçün Bakıya təşrif buyurub və onlarla sözügedən arenada bir sıra görüşlər keçirilib.
SPORTİNFO.AZ