
«İgidi öldür, amma haqqın ver» deyiblər».
Bu sözlər «Sportinfo TV»nin redaktoru İlkin Fikrətoğluna aiddir.
Tanınmış telejurnalist son vaxtlar ciddi tənqidlərə məruz qalan «Qarabağ»ın hücumçusu Nəriman Axundzadənin müdafiəsinə qalxıb.
O, gənc forvardın Çempionlar Liqasının pley-off mərhələsində «Ferensvaroş»a qarşı oyunlarla əla təsir bağışladığını bildirib:
«Onu dəfələrlə tənqid etmişik, bu dəfə isə «Qarabağ»ın ən yaxşılarından idi. Qol vurmasa da, «Qarabağ»ın hesabı bərabərləşdirməsi sırf Nərimana görə oldu.
Sonadək mübarizə apardı, müdafiəçini üstələdi, qol üçün hər şeyi hazır edib, topu Leandro Andradeyə verdi ki, buyur, vur! Mənə görə, o qolun müəllifi Leandro ilə yanaşı, həm də Nərimandır.
Andrade özü isə ikinci qolu təşkil etdi. Cinahda «Ferensvaroş»un iki oyunçusunu ani hərəkətlə arxada qoyub, Abdullah Zubirə ”hazır halva” verdi».