
Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən bəri futbol ictimaiyyətində eyni fikir səslənir:
“Qarabağ” mütləq hücumçu almalıdır. Lakin klub yeni transfer etmədən liqa mərhələsinə yüksəldi.
İndi isə müzakirələr qızışıb: komanda qrupda uğur qazanmaq üçün hücum xəttinə gücləndirmə etməlidirmi?
Futbol şərhçisi Natiq Muxtarlı məsələni dəyərləndirərkən bildirib ki, bu müzakirələr çox vaxt reallıqdan uzaq olur:
“İctimaiyyət “qrupda uğur” deyəndə nəyi nəzərdə tutur? Qrupdan çıxmaq, yoxsa sadəcə daha çox xal toplamaq?
“Qarabağ”ın rəqiblərindən biri olan “Liverpul” bu yay transferlərə 500 milyon avro xərcləyib, təkcə bir hücumçuya 150 milyon ödəyib. Bu şərtlərdə “Qarabağ” hansı məbləğə futbolçu transfer etməlidir ki, onlarla rəqabət aparsın?”
Muxtarlı hesab edir ki, bahalı transferlər nəticəni dəyişməz:
“Juninyo ötən mövsüm “Qarabağ”da idi, amma komanda əsas mərhələyə düşmədi. Bu mövsüm isə o, yox idi, amma nəticə qazandı. Deməli, məsələ təkcə hücumçu ilə bağlı deyil”.
Şərhçiyə görə, Qurban Qurbanovun əsas prinsipi komandada balansı qorumaqdır:
“Əgər 5-6 milyona futbolçu alsan, maaşı da ən azı 1 milyon olacaq. Ardınca Kadi, Zubir, Andrade, Yankoviç kimi aparıcı futbolçular da maaş artımı tələb edəcəklər.
Belə olan halda büdcə şişəcək, balans pozulacaq. Hazırda klubun büdcəsi 30 milyon manatdır, bunu 60 milyona qaldırsalar belə, Çempionlar Liqasındakı nəticə dəyişməyəcək”.
Natiq Muxtarlı hesab edir ki, “Qarabağ”ın hədəfi sabitlik olmalıdır: daim avrokubokların qrup mərhələsində iştirak etmək, oyunçu satışından gəlir əldə etmək və balansı qorumaq.
“Böyük ehtimalla klub hücumçu almağa çalışıb, lakin qiymət və maaş məsələsində anlaşma olmayıb. Amma bu, yanlış deyil. Çünki “Qarabağ”ı bu səviyyəyə gətirən ictimaiyyətin təzyiqləri yox, məhz öz prinsipləri olub”.
Muxtarlı sonda vurğulayıb ki, “Qarabağ”ı davamlı uğurlu edən məhz sabitlikdir:
“Bizə bir mövsümlük bahalı transferlər edən komanda yox, illərdir Avropada sabit çıxış edən “Qarabağ” lazımdır. Onu sabit saxlayan isə Qurban Qurbanovun prinsipləridir”.