
“Qarabağ” nə Juninyonu qaytara bildi, nə də Sambu Sumanonu heyətinə qatmağı bacardı.
Bu, əminliklə Tanrının “Qarabağ”a ən böyük hədiyyəsi oldu deyə bilərəm.
Hər dəfə mətbuatda sözügedən futbolçuların adları çəkiləndə barmağımı dişləyirdim ki, lazım deyil, alınmasın, gəlməsinlər.
Futbolla qiyabi formada maraqlanıb Juninyonun keçmişdə etdiyini xatırlayanların braziliyalının hazırkı vəziyyətindən xəbəri yoxdur. Buna adım kimi əminəm.
Adam “Flamenqo”da əsas heyətə həsrətdir, sonuncu dəfə iyulda yaşıl meydanın üzünü görüb və ən əsası, təzəlikcə illərdir birlikdə olduğu həyat yoldaşından boşanıb.
Juninyo hazırda loru dildə desək, yaşamır, nəfəs alır. Psixoloji durumu sıfırın altındadır.
Belə vəziyyətdə “Qarabağ”a gəlib nə edəcəkdi?
Sumano?
Ona “Qarabağ”da oynamaq maraqlı olsaydı, “Loryan” rəhbərliyini divara dirəyib istəyinə çatardı. Lap bizimkilərin ona təklif etdiyi pulun müəyyən hissəsini məxsus olduğu kluba öz cibindən verərdi ki, təki “Çelsi”yə “Liverpul”a qarşı oynayım.
Azərbaycana gələndən sonra uyğunlaşma dövrünü necə keçəcəyi, Qurban Qurbanovun sistemini hansı müddətdə qavrayacağı, ümumiyyətlə, “köhlən atlar”a fayda verib-verməyəcəyi da başqa söhbətin mövzusudur.
Açıq danışaq, “Qarabağ” mövcud heyətlə Avropa nəhənglərindən neçə xal qopara bilər? 5-6, uzağı 7-8. Razısınız?
Sumano, ya da Juninyo olsa, nə edəcəklər? Aşağı-yuxarı həmin vəziyyəti görəcəyik.
Hə, indi Nəriman Axundzadə ilə Musa Qurbanlı üçün əla imkan yaranıb. Bəyənmədiyin(m)iz Nərimanla Musa Çempionlar Liqasının təsnifat mərhələsində 6 oyunda ikisinə birlikdə 3 qol vurub, 2 məhsuldar ötürmənin müəllifliyini ediblər.
Çempionlar Liqasında deyirəm, Azərbaycan Premyer Liqasında yox.
Artıq müəyyən təcrübə toplayıblar, özlərinə güvənirlər. Güclü rəqiblərin qarşısında dizləri tir-tir əsməyəcək, qol epizodlarında soyuqqanlı olmağı bacaracaqlar.
“Qarabağ”ın Azərbaycan futbolunun əlinə hücumçu yetişdirmək üçün əla imkan düşüb. Bəlkə də belə fürsət bir də olmayacaq. Yıxıla-yıxıla, danlana-danlana bir də baxacağıq ki, komandanın və millinin yükünü çiyinlərində daşıyırlar.
Liqa mərhələsində qol vuranların sırasında Qurbanlı və Axundzadə soyadlarını görmək ümidi ilə...
P.S.: Yeri gəlmişkən, hücumçu transferində milyonları gözüyumulu şəkildə küçəyə səpməyib, azərbaycanlı gənclərin yolunu açan rəhbər şəxslərə və klub rəhbərliyinə böyük hərflərlə BRAVO!
HƏBİB / SPORTİNFO.AZ