"Qarabağ" köhnə tanışları yenidən Bakıya gətirir

02:40 Qarabağ 118
"Qarabağ" köhnə tanışları yenidən Bakıya gətirir

Çempionlar Liqasının bu gün keçirilən püşkatmasında "Qarabağ"ın rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsində 4-ü səfərdə və 4-ü evdə olmaqla 8 oyun keçirəcək.

Ağdam klubunun bəxtinə İngiltərə və İtaliya kimi ölkələrin çempionları - "Liverpul" və "Napoli" düşüb. Bundan başqa, az əvvəl təşkil olunan klublarası dünya çempionatının qalibi "Çelsi" də komandamızla qarşılaşacaq.

Püşkün nəticəsinə görə, "Qarabağ" evdə “Çelsi”, "Ayntraxt", "Ayaks" və "Kopenhagen"lə üz-üzə gələcək. Artıq Qurban Qurbanovun komandasının yolu bu rəqiblərlə avrokuboklarda kəsişib.

Ağdam klubu Çempionlar Liqasında vəsiqə qazandığı 2017/2018 mövsümündə "Kopnhagen"lə pley-offda qarşılaşmış və iki oyunun nəticəsinə görə səfər qolu hesabına qruplarda oynamaq hüququ əldə etmişdi (1:0, 1:2).

Qrupda isə "Çelsi" "Qarabağ"a rəqib olmuş, londonlular iki oyunda komandamızın qapısından 10 cavabsız top keçirmişdilər (0:4, 0:6).

Ağdam təmsilçisi "Ayntraxt"la 12 il əvvəl Avropa Liqasının 2013/2014 mövsümündə pley-offda qarşılaşıb. Qrupa gedən yolun son sınağında almanlar 2:0 və 2:1 hesabları ilə üstün olaraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıblar.

"Ayaks"la isə ötən mövsümdə Avropa Liqasının əsas mərhələsində yolumuz kəsişib. Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən görüşdə 0:3 hesabı ilə uduzublar.

"Qarabağ"ın səfərdə qarşılaşacağı "Liverpul", "Benfika", "Napoli" və "Atletik" isə çempionumuza ilk dəfə rəqib olublar.

Liqa mərhələsində sentyabrın 16-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 08:30 Almeyda I Liqada - RƏSMİ
3 Sentyabr 07:40 Viruslardan necə qorunaq?