
“Ferentsvaroş” səddini uğurla keçən “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin etdi.
8 illik fasilədən sonra məlum uğura imza atan Azərbaycan çempionunun buradakı rəqibləri məlumdur.
“Köhlən atlar” Bakıda “Kopenhagen”, “Çelsi”, “Ayaks”, “Frankfurt”, səfərdə “Benfika”, “Atletik” (Bilbao), “Napoli” və “Liverpul”la münasibətlərinə aydınlıq gətirəcək.
Bu mərhələyə yüksəlməklə Azərbaycan futbolu adına böyük uğur qazanan “Qarabağ”dan gözləntilər böyükdür. Futbol ictimaiyyəti təmsilçimizin qazanacağı nəticələrlə Avropanı təəccübləndirə biləcəyini iddia edir.
Bəs, yayda komandaya qoşulan Kris Kuaku bu barədə nə düşünür? Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Liqa mərhələsini necə təsəvvür edir?:
“Qarşımızda duran hədəf və ən böyük arzumuz Avropanın çempionları arasında yer almaq idi. Bu gün həmin siyahıdayıq və buna görə özümüzü xoşbəxt hiss edirik.
Əsas missiyanı yerinə yetirdiyimizi düşünürəm. Heç bir futbolçu “Real Madrid”də, yaxud Dortmund “Borussiya”sında doğulmayıb. Pillə-pillə, yavaş-yavaş ora yüksəliblər.
Biz də uğur qazanmaq istəyiriksə, buna zamanla nail ola bilərik. Hər matça çıxanda göstərəcəyimiz oyun və maksimum nəticə barədə düşünəcəyik. Rəqiblərın adı barədə düşünsək, özümüzü məhv etmiş olarıq.
Meydanda can qoyacağıq, əlimizdən gələni edərək qalib gəlmək barədə düşünəcəyik. Sonda necə olacağını yekunda görəcəyik. Böyük danışmağı, yaxud qorxaq davranmağı sevmirəm. Mübarizə aparacağıq”.
HƏBİB / SPORTİNFO.AZ