
“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayanda Ağdam klubunun hazırkı heyəti ilə əsas mərhələyə qədər irəliləyəciyini yəqin ki, çox adam ağlından belə keçirmirdi.
Amma ağlımıza gəlməyən bu dəfə yaxşı mənada başımıza gəldi.
Komanda son 8 ildə ikinci dəfə bizi ölkə olaraq Çempionlar Liqası səviyyəsində qürurlandırdı. Hansı ki, ölkəmizdə saysız-hesabsız azarkeşi, milyonlarla büdcəsi olan, Joze Mourinyoya az qala Ağdam klubunun futbolçularının ümumi dəyəri qədər maaş verən, sonra da uğursuz çıxışına görə yola salan “Fənərbaxça” belə, 18 ildir bu sevincin üzünə həsrətdir.
Təbii ki, inkişaf olduqca azarkeşlərin də istəyi çoxalır. Və hər zaman “Qarabağ”ı daha irəlidə, daha inkişaf etmiş və daha çox uğur qazanmış komanda kimi görürlər.
Amma bəzən alınmayanda da alınmır. Məsələn, “Qarabağ”ın hücumçu transfer edə bilməməsi kimi. Səbəblər çoxdur. Ağdamlıların hücumçuya ehtiyacı olduğunu eşidən klublar “Qarabağ”dan 4-5 milyon avro təzminat istəyirlər. Bu da 32 milyon manat büdcəsi olan Ağdam təmsilçisi üçün ciddi rəqəmdir. Və böyük ümidlərin olmadığı Çempionlar Liqası üçün bu məbləğdə transferin edilməsi klub idarəçiləri üçün ciddi risk sayılır. Çünki transferin nə qədər faydalı olub-olmayacağı da sual altındadır.
Bu reallığa baxmayaraq, komanda ciddi tənqid hədəfinə tuş gəlib. Daş atıb başımızı tuturuq ki, Çempionlar Liqasında Musa Qurbanlı və Nəriman Axundzadə ilə çıxış edəcəyik.
Əslində, bu fikirdə olmağımızın futbolçulara, komandaya və Qurban Qurbanovun özünə nə qədər psixoloji təzyiq göstərdiyinin fərqində belə deyilik. Amma nəzərə almırıq ki, ÇL-in bu səviyyəsinə məhz Musa və Nərimanın iştirakı ilə gəlmişik, hətta bu oyunlarda hər iksi qol vurub.
Təbii ki, yeni hücumçu transferi olsaydı, daha yaxşı olardı. Amma olmadı və bu, faciə sayılmamalıdır.
Reallığa baxmalıyıq. Biz onsuz da Çempionlar Liqasının qalibi olacaq deyilik. Az qala 3,8 milyard avro ilə Azərbaycan ordusunun büdcəsinə yaxın büdcəsi olan PSJ buna uzun mübarizədən, xərclədiyi milyonlardan sonra keçən mövsüm nail oldu.
“Qarabağ”ın ÇL-də səfərdə oynayacağı “Liverpul” təkcə bu yay transferlərə 1 milyard manata yaxın pul xərcləyib.
Düşünürük ki, 3-5 milyona bir əcnəbi hücumçu almaqla “Liverpul” səddini keçəcəyik?
24 il əvvəl bu “Qarabağ”ın dəyəri 32 min manat idi, indi büdcəsi 32 milyon olub. Nəyin hesabına?
Zamanında “Xəzər Lənkəran”a milyonlar xərclənildi, qazandığı təkcə Rusiyada keçirilən Birlik Kuboku oldu. “Bakı”ya milyonlar axıdıldı, bir dənə Birlik Kubokunun 1/4 finalına qədər irəliləyə bildilər. Və sonda hər ikisi nə yazıq ki, dağıldı...
Deməli, “Qarabağ” indiyədək bu səviyyəyə düzgün idarəçilik sayəsində gəlib. Yüz ölçüb, bir biçməklə, nöqtə transferlər etməklə, zamanında doğru qərarlar verməklə və s.
Misal üçün, Azərbaycan futbolu tarixində “Qarabağ” kimi heç kim xaricə 5 milyon avroya futbolçu satmayıb. Kadi “Krasnodar”a, Juninyo da “Flamenqo”ya keçməklə ağdamlılara ümumilikdə 10 milyon avro qazandırmışdı. Halbuki bu iki futbolçunun “Qarabağ”a transfer məbləği cəmi heç 1 milyon avro deyildi.
Deməli, Qurbanov göz önündə olmayan futbolçuda potensialı görür, onun inkişafına inanır və belə zamanla uğurlu çıxışına nail olur - Yankoviç, Medina kimi...
Bəlkə də eyforiyaya qapıldıq, fərqində də olmadıq ki, “Qarabağ” “Ferentsvaroş”la cavab matçından əvvəl rəsmi sosial şəbəkə hesablarında videoçarx paylamışdı ki, oyuna biletləri klubdan yox, kassalardan alın. 3-5 manat verib kassadan bilet almırıq, amma əvəzində tələb edirik ki, 3-5 milyon avroya futbolçu alın...
Aldıq, bəs sonra?..
Bəlkə, “Qarabağ”ı rahat buraxaq?..
Emin Səfərov