
Bu ölkədə futbolu düşünən tək adam Qurban Qurbanovdu! Bəs başqaları nə işə baxır?
Sözümün mustafası var.
Milli komandanın baş məşqçisi Fernandu Santuşun İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün açıqladığı siyahıda Premyer Liqadan cəmi iki hücumçu dəvət olunub.
Nəriman Axundzadə və Musa Qurbanlı. Bəs başqa klublarda niyə hücumçu yoxdur?
"Qarabağ" Çempionlar Liqasında iştirak edə-edə iki yerli uşağa hücumda güvənə bilirsə, digər klublarımız niyə bunu etmir?
Klubların işinin birinci adı oyunçu yetişdirməkdir.
Klub rəhbərləri, elə həm də baş məşqçiləri asan yolu tutublar - gedək əcnəbiləri gətirib oynadaq.
Vallah yoldan keçən istənilən şəxsə o milyonluq büdcəni versən eyni işi görə bilər. Bəs futbol? Bəs işin idman tərəfi?
Dindirsən deyəcəklər kimi oynadım? Qəribə işə düşmüşük. Bizdən niyə soruşursunuz? Gedin əziyyət çəkin yetişdirin. Bu gün hər detal üçün xüsusi məşqçi çalışır.
Akademiyalarda hücumçu məşqçilərimiz var? Təbii ki, heç kimdə yoxdur.
Əvəzində bu qədər legionerə verməyə pul yaxşı tapılır.
Portuqaliya 2-ci, 3-cü liqasından vaqonla gətirdiyiniz 5-ci sort əcnəbilərin birinin əvəzinə bir dəfə də bir yaxşı hücumçu məşqçisi gətirin.
Akademiyalarda 600-700 manata çalışan məşqçilərin maaşını qaldırın.
Məşqçiləri göndərin avropada təcrübə keçsin.
Nəsə edin də. Əlinizi yanınıza qoyub, ölkəyə legioner daşımayan.
Yaxşı yerli futbolçu nə qapını döyüb "mən gəldim" deyəcək, nə də bacadan içəri girəcək.
Onu tapmaq, hazırlamaq, inkişaf etməsi üçün şans vermək lazımdır.
Görünütü yaratmaq üçün şans vermək yox ha, "Qarabağ"ın daha çətin şərtlər altında Nərimana, Musaya, Hikmətə verdiyi şansdan deyirəm.
XANOĞLAN İMANOV