
Tofiq Bəhramov adına Respublika stadionunun sonuncu dəfə bu cür bayrama nə vaxt şahidlik etdiyini yada salmaq çətindir.
Bəli, vacib qələbələr olub, lakin beləsi...
“Qarabağ” səfərdə 3:1 hesabı ilə məğlub etdiyi “Ferenetsvaroş”a doğma meydanda 2:3 uduzmasına baxmayaraq, Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin etdi.
2017-ci ildən sonra azarkeşlərin həsrətlə gözlədiyi o an yetişincə, arenaya toplaşan 30 mindən artıq tərəfdar sevincdən özünə yer tapa bilmirdi.
Elə buna görəydi ki, fransız hakimin final fitindən sonra heç kim yerini tərk etmək istəmirdi. Sanki daha bir hissə də oynanılacaq kimi böyük maraqla nəyisə gözləyirdilər.
“Qarabağ”ın futbolçuları “Ferenetvaroş”dan olan həmkarları ilə əl sıxıb, onlara təsəlli verəndən sonra stadionboyu dövrə vurdular.
Bütün sektorların qarşısına gedib arenaya toplaşanlara təşəkkür edən oyunçulardan Kadi Borges, Şahruddin Məhəmmədəliyev və digər bir neçə nəfər tribunaya qalxmağı da özünə borc bildi. Hətta futbolkalarını fanatlara hədiyyə edənlər də tapıldı.
Həmin an əsərin qəhrəmanı Qurban Qurbanov təkcə ətrafındakıların yox, həm də telefon vasitəsi ilə doğma və əzizlərin telefon zənglərini qəbul edir, təbriklərə görə təşəkkür edirdi.
Oyunsonrası futbol bayramı təxminən yarım saatı əhatə etdi. Yəni tribunalar matç başa çatandan 30-35 dəqiqə sonra seyrəlməyə başladı. Respublika stadionunda bu cür mənzərə yaşanmışdımı?
HƏBİB / SPORTİNFO.AZ
“Sportinfo”nun obyektivinə tuş gələn maraqlı görüntüləri təqdim edirik.