
“Qarabağ” növbəti uğurun astanasındadır.
2017-ci ildən bu yana Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyən “köhlən atlar” bu dəfə Liqa mərhələsinə yüksəlməyə yaxındır.
Rəqib isə ağdamlıların ötən həftə səfərdə 3:1 hesabı ilə məğlub etdiyi “Ferentsvaroş”dur.
“Qarabağ”dakılar bu matçda nəyə ümid edir? Rəqib düşərgədən verilən iddialı açıqlamaların sonluğu nəyə səbəb olacaq? Heç-heçə təmsilçimizi qane edəcək, yoxsa qələbə arzulayırlar?
Komandanın aparıcı və sevimli simalarından olan Kadi Borges Sportinfo.az-ın suallarını bu şəkildə cavablandırıb:
“Azarkeşlərimiz üçün maraqlı oyun alınacağına inanıram. Çünki həm “Qarabağ”, həm də “Ferenetsvaroş” topla oynamağı yaxşı bacarır.
Hesabda 3:1 öndə olmağımız kənardan asan görünə bilər. Lakin “Ferentsvaroş”a oynadığım üçün deyə bilərəm ki, bu, heç də belə deyil. Onlar bura qələbə dalınca gələcəklər. Ona görə də son dərəcə diqqətli olmalıyıq.
Mərhələni keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik. Heç-heçə? Şəxsən bu haqda düşünmürəm. Meydana çıxanda bir hədəfim olur – qalib gəlmək. Hətta Avstriyadakı yoxlama görüşlərində belə, qələbə qazanmaq istəyirəm.
Əsl futbolçu və ya döyüşçünün qarşısında qalibiyyət hədəfi olmalıdır. Layiqli oyun və nəticə ilə azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.
Avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab oyunu saat 20:45-də start götürəcək.
HƏBİB