
"Qarabağ" Macarıstan səfərindən parlaq qələbə ilə qayıtmağı bacardı.
"Ferentsvaroş"un meydanında göstərilən oyun, əldə olunan nəticə (1:3) alqışalayiqdir.
Amma özümüzü cütün qalibi kimi hiss etməyə yetərli deyil.
Axı yaxın tarixdə buna bənzər vəziyyətdə başımız az ağrımayıb.
Cəmi 2 mövsüm öncə Avropa Liqasında Portuqaliya nəhəngi "Braqa" səfərdə məğlub edilmişdi - 4:2.
Ağdam təmsilçisi Portuqaliyada Macarıstandan da parlaq çıxış etmişdi.
Hər kəs Qurban Qurbanovun komandasını növbəti mərhələdə görürdü.
Bakıdakı cavab görüşünün ilk 57 dəqiqəsində hesabın açılmaması bunu göstərirdi.
Məhz oyunun bu anında Elvin Cəfərquliyevin aldığı qırmızı vərəqə meydanda yaşananları 180 dərəcə dəyişmişdi. Əl-qolu açılan qonaqlar məhz bundan sonra 2 qol vuraraq görüşü əlavə vaxta daşımışdı.
Sadəcə 120-ci dəqiqədə Nəriman Axundzadə vurduğu məşhur qolla mərhələnin əlin içindən çıxmasına imkan verməmişdir. Kim bilir, hər şey penaltilər seriyasına qalsaydı bəlkə də sonda sevinən tərəf portuqaliyalılar olacaqdı.
Atalarımız elə bu gün üçün "arxı tullanmadan op demə" deyiblər.
XANOĞLAN İMANOV