“Səhlənkarlıq etdik, “Qarabağ”a belə böyük imkanlar verdik”

11:30 Qarabağ 281
“Səhlənkarlıq etdik, “Qarabağ”a belə böyük imkanlar verdik”

“Ferentsvaroş”un futbolçusu Tot Aleks Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Qarabağ”a 1:3 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Macarıstan klubunun 19 yaşlı yarımmüdafiəçi “Origo” nəşrinə Bakıdakı matçda mümkün geridönüşə inandığını deyib:

“Qarabağ”ın çox böyük imkanları yox idi, amma olan fürsətlərdən maksimum yararlandılar. Ola bilsin, səhlənkarlığımız üzündən onlara belə böyük imkanlar verdik.

Məsələn, bu üç qol kimi. Lakin biz bundan da böyük geridönüşlər görmüşük.

Buna görə də şansımız tam var. Komandama inanıram, birlikdə bacaracağıq”.

“Ferentsvaroş”un gənc istedadı baş məşqçi Robbi Kinin sözlərinə qoşularaq cavab oyununda “özündənrazı görünən rəqibi” (ifadə “Origo” nəşrinə aiddir - red.) necə təəccübləndirə biləcəklərindən də danışıb:

“Qarabağ”ın futbolçuları elə sevinirdilər ki, sanki duel artıq bitib. Bu, heç də xoş görünmədi.

Buna görə də biz həqiqətən onları cavab matçında məyus etmək istəyirik. Belə bir mənzərəni indidən görmək, sonda isə sevinən tərəf olmaq daha yaxşıdır”.

Komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qalib tərəf Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Digər Xəbərlər
Xəbər Lenti