
"Qarabağ"ın legioneri Emmanuel Addai klubu tərk etməyə yaxındır.
Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Kiprdən "Omoniya" ilə razılıq əldə edib.
Nikosiya təmsilçisi qanalı üçün "köhlən atlar"a 1,3 milyon avro təklif edib.
Addai yeni komandası ilə 3 illik müqavilə imzalayacaq. Onunla daha əvvəl Kiprin digər təmsilçisi APOEL də maraqlanırdı. "Sarı-göylər" Addai üçün "Qarabağ"a 1,2 milyon avro təklif etmişdi.
Emmanuel Addainin "Qarabağ"la 2026-cı ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm meydana çıxdığı 39 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
"Omoniya" Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olub. Kiprlilər Bakıda keçirilən oyunda 4:0 hesablı qələbə qazanıb.
Nikosiyada təşkil olunan cavab görüşü isə 5:0 qurtarıb.