.jpg)
Bu yay "Qarabağ"ın sırasına 5 yeni oyunçu qoşulub.
Gələnlərin hamısı legionerdir.
Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) ilə birbaşa müqavilə imzalanıbsa, Sami Mmaee ("Dinamo Zaqreb"dən birillik icarəyə götürülüb.
Son deyil…
Ağdam klubu qarşıdakı günlərdə yenə transfer(lər) edəcək. Minimum daha 2 əcnəbi bu formanı geyinəcək.
Qurban Qurbanov gücləndirmək istədiyi mövqeləri bildirib, xidmətinə maraq göstərdiyi oyunçuların adlarını çəkib - raport rəhbərliyin masasının üzərindədir.
Gərgin iş gedir. Seleksiya şöbəsi 7/24 çalışır. Nə gecələri var, nə gündüzləri. Daha haralara baş vurmayıblar ki…
Az-çox xəbərimiz var.
"Qarabağ" tərəfdarı rahat olsun, bir şeylər bilirik. Bu gün ona görə adları qeyd etmirik ki, qoy, vaxtından əvvəl eyforiyaya qapılmasınlar.
Bir az təmkinli davranın, sizi sevindirəcəklər.
Medalın iki üzü olduğu kimi, transfer bazarlığının görünən və görünməyən tərəfləri var. Hər an hər şey ola bilər.
«Qarabağ» gecikmir. Prosesi bir qədər yubadan Qurban Qurbanovun istədiyi legionerlərin məxsus olduqları klublardır.
Çempionumuzdan fantastik rəqəmlər tələb edir. Real qiymətə gözlərinin ucuyla da baxmırlar. Fikirləşirlər ki, «Qarabağ» daim avrokubokların qrup mərhələsində çıxış edir, pulları çoxdur, dediyimizi verəcəklər.
Bu da düz deyil axı, süni qiymət artımıdır. «Qarabağ» hər istəyənə istədiyi qədər ödəmə etsə, 1-2 ilə büdcədə qəpik-quruş qalacaq.
Əlbəttə, nə yönəticilər buna razıdır, nə də baş məşqçi.
2025-ci ilin yanvarından bəri «Qarabağ»ı Juninyo, Yassin Benzia, Marko Veşoviç çapında legionerlər tərk edib. Hərəsi bir səbəbdən bu gün burada yoxdurlar.
Qurban Qurbanovun sərəncamında görməyi arzu etdiyi əcnəbilər isə onlardan qat-qat səviyyəlidir. Hansı ki, digər klublarımız onları ən yaxşı halda yuxusunda görə bilər.
Yaşları çox deyil, nisbətən gəncdirlər. 24-26 yaş aralığında bir oyunçu qrupundan danışırıq.
Qurbanov gələcəyin «Qarabağ»ını qurmaq planını işə salıb. Ona görə də seçimlərində yanlışa yol vermək istəmir.
Nəriman Axundzadə, Musa Qurbanlı və digər futbolçuları bu gün gözdən çıxarmaq, tənqid etmək olmaz. Axşam vacib oyun var, «Şkendiya» güclü rəqibdir.
Bütün azarkeşləri saat 20:00-da start götürəcək qarşılaşmanı stadiondan canlı izləməyə səsləyirik.
«Qarabağ»ı Şimali Makedoniya çempionu qarşısında tək buraxmayaq, sonra da oturub yeni transferlərin yolunu gözləyərik.
İşdir, «Qarabağ» Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazansa, bu bazarlıq daha da sürətlənəcək.
MUSA