
Monteneqro mətbuatı legioner həyatı yaşayan futbolçularının avrokuboklardakı çıxışı barədə məlumat dərc edib.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın formasını geyinən Marko Yankoviç də yerli həmkarlarımızın diqqətindən yayınmayıb.
KİV Monteneqro millisinin üzvünün bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsində çıxış edəcəyini proqnozlaşdırıb.
Onların fikrincə, “Qarabağ” bu turnirdə həm III təsnifat mərhələsini, həm də pley-off mərhələsini keçəcək:
“Qarabağ” son illər UEFA yarışlarının qrup mərhələsinin daimi iştirakçısı olub, 2017-ci ildə Çempionlar Liqasının qrupuna yüksəlib. Azərbaycan klubu həmin uğuru təkrarlamaq üçün doğru yoldadır.
“Şkendiya”nı səfərdə 1:0 hesabı ilə üstələyən “Qarabağ”ı artıq pley-offda hesab etmək olar.
Oradakı mümkün rəqiblərə baxdıqda isə deyə bilərik ki, Yankoviçin Liqa mərhələsində oynamaması üçün heç bir səbəb yoxdur. “Qarabağ”ı əminliklə pley-offun da favoriti saya bilərik”.
“Qarabağ” “Şkendiya” ilə cavab oyununu avqustun 12-də Bakıda keçirəcək.
Cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.