
Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti matçına çıxacaq.
Bir nömrəli klub turnirinin III mərhələsində mübarizə aparan “köhlən atlar” “Şkendiya” ilə cavab qarşılaşmasında münasibətlərinə aydınlıq gətirəcək.
“Qarabağ”ın bir həftə əvvəl Skopyedəki oyunda 1:0 hesablı qələbəyə sevinməsi pley-offa olan inamı artırır. Lakin heç bir halda arxayınlaşmaq olmaz.
Şimali Makedoniyanın son çempionu 5-10 il öncə ilə müqayisədə səfərdə qapazaltı olmur.
2011-ci ildə Belqradda “Partizan”a 0:4, 2017-də Milanda eyniadlı komandaya 0:6, 2018-də Avstriyada “Zalsburq”a 0:3, 2021-də “Mura”ya 0:5 hesabı ilə boyun əyən “Şkendiya” son illər böyük hesabla uduzmur.
Bu azmış kimi özgə meydanında qələbə qazanmağı və heç-heçə etməyi bacarır.
“Qarabağ”ın rəqibi 2022-ci ildən bu yana səfərdə 7 oyun keçirib. Bunların 2-də qalib gəlib ki, “Valmiera” (Latviya) ilə FCSB-ni (Rumıniya) eyni hesabla məğlub edib – 2:1.
“Ararat” (Ermənistan)la 2:2, AİK-lə (İsveç) 1:1, “The New Saints”lə (Uels) 0:0 oynayan makedonlar “Haverfordwest County”yə (Uels) 0:1, “Noah”a 0:2 hesablı ilə boyun əyib.
Statistikadan da göründüyü kimi, “Şkendiya” səfərdə meydana çıxdığı son 7 matçın yalnız 2-sə uduzub. Yəni, yad meydan onlar üçün qorxului deyil.
“Qarabağ” ehtiyatı əldən versə, bu, onlara baha başa gələr. Çünki söhbət 1 top üstünlükdən gedir. Bu isə ciddi göstərici deyil. Rəqibin vura biləcəyi 1 qol qarşılaşmanı penalti zərbələrinə qədər daşıya bilər.
Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq duelin start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ