“Qarabağ” iki YENİ TRANSFER üçün o qədər pul xərcləməyə hazırdır ki…

10:40 Qarabağ 2 199
“Qarabağ” iki YENİ TRANSFER üçün o qədər pul xərcləməyə hazırdır ki…

«Qarabağ», böyük ehtimalla, Çempionlar Liqasında yoluna davam edəcək.

Ciddiyəti qorusalar, sabah Bakıda qeyri-adi hadisə baş verməyəcək, «Şkendiya» səddini də keçəcəklər.

Düzdür, arxı keçmədən «hop» demək olmaz və biz bunun fəsadını çox görmüşük.

Ya vəlvələdən, ya zəlzələdən - «Qarabağ» istənilən halda heyətini gücləndirməlidir. «Şelbrun»u udmaqla ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş Azərbaycan çempionu daha vaxt itirmədən komplektləşmə prosesini başa vurmalıdır.

İki transfer mütləqdir. İrəli zonada yeni qana ehtiyac açıq-aşkar hiss olunur. Əsasən də hücumun sivri ucuna.

«Qarabağ»ın direktoru Əmrah Çəlikəl indiyədək bir çox səviyyəli futbolçu ilə danışıqlar apardıqlarını açıqlayıb.

Qeyd edib ki, Qurban Qurbanovun göz qoyduğu legionerləri bura gətirmək çətindir: ya məxsus olduqları klublar onu buraxmır, ya da özləri karyeralarını Azərbaycanda davam etdirmək istəmir.

Ə.Çəlikəlin mövzuya dair söylədikləri, gözlənildiyi kimi, sostal şəbəkələrdə geniş müzakirəyə çıxarılıb. Onunla razılaşanlar da var, klubu transferlərə böyük pullar xərcləmək istəmədiyini iddia edənlər də.

Həqiqət hər üzü ilə gözəldir. Bəzən soğan qədər acı olsa da.

Direktor doğru olanı söyləyib. Biz bunu olduğu kimi qəbul etməliyik.

«Qarabağ»ın Avropanın sayılıb-seçilən çempionatlarından bir xeyli oyunçu ilə görüşməsini hələ geniş ictimaiyyət bilmir. Rəhbərlik kisənin ağzını açıb, nə açıb! Geniş yəni.

Üçüncü zonaya səviyyəli adlar qatmaq üçün iri məbləğdən keçməyə hazırdırlar. Day 300-500 min dollar yox e! bir milyon dolları gözdən çıxarıblar.

Elə oyunçular olub ki, ondan ötrü 1,2-1,3 milyon dollar ödəməyə də razılıq veriblər.

Amma nə olsun…

Ərəb bazarı dəngələri çox dəyişib. Avropada yerindən bir balaca qalxan bu yarımadaya tərəf qaçmağa can atır.

Menecerlərə ilk dəfə Səudiyyə Ərəbistanından gətirməyi tələb edirlər. «Köhnə dünya»da qazandıqları puldan 5-10 dəfə artığını bu ölkədə əldə etmək istəyi «Qarabağ» kimi klubları onlar üçün maraqsızlaşıdırıb.

Daim avrokuboklarda forma geyinmək, özünü göstərmək həvəsi ya azalıb, ya da birdəfəlik ölüb.

Əlbəttə, bu da qiymətləri artırıb. «Qarabağ» iki-üç il qabağa kimi maksimum 500-600 min dollara fikrindəki legioneri bura gətirə bilərdisə, bu gün ondan ötrü iki dəfə çox ödəmək kifayət etmir.

Biz elə düşünürük ki, həmin əcnəbi bütün günü oturub Allaha dua edir - olsun da, «Qarabağ» mənə bir təklif göndərsin.

Heyhat, indiki bazar o bazar deyil, müştərilərin sayı hədsiz çoxalıb.

«Qarabağ» gedib sıradan oyunçu gətirsə, hamımız yenə klub rəhbərliyinin, Qurban Qurbanovun üzərinə düşəcəyik ki, əşşi, nə oldu e, yaxşısını tapmadız?

Bax, bu sözü eşitmək istəmir onlar. Səbrli davranır, münasib məqamın yetişəcəyinə inanırlar. Gəlin, biz də tələsməyək, gözləyək…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti