
Emmanuel Addai "Qarabağ"dan ayrıla bilər.
Qanalı vingerin karyerasını Kiprdə davam etdirmək ehtimalı var.
Bu barədə Kipr mətbuatı məlumat yayıb.
Bildirilir ki, APOEL adıçəkilən yarımmüdafiəçi ilə yaxından maraqlanır. Nikosiya təmsilçisinin 24 yaşlı afrikalı üçün Azərbaycan çempionu ilə anlaşmağa yaxın olduğu bildirilir.
"Qarabağ" Emmanuel Addaini ötən ilin yayında İspaniyadan - "Alkorkon"dan transfer edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Addai ötən mövsüm əsas heyətə düşməyə çətinlik çəkirdi. İndi vəziyyət çox fərqlidir - Qurban Qurbanov Çempionlar Liqasının ilk 3 matçında ona ilk «11-lik»də yer verib.
O, yeni sezonda qol hesabını hələ aça bilməsə də, əzmkarlığı ilə yadda qalıb.
Bəs Kipr mətbuatının yaydığı xəbər həqiqətə nə dərəcədə yaxındır? Bununla bağlı araşdırma aparmışıq və saytımıza məlum olub ki, tərəflər arasında təmas var.
APOEL həm Addainin özü, həm də «Qarabağ»lı həmkarları ilə əlaqə yaradıb, şərtləri öyrənib. Təklif edilən müqavilə 3+1 illikdir.
Kompensasiya? Təbii, bu da olacaq.
SPORTİNFO.AZ