
“Qarabağ qol buraxmadan qalib gəldi və cavab oyunu üçün böyük üstünlük qazandı”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şimali Makedoniyada "Şkendiya"ya qalib gəlib.
"Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qazanıb.
Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun "ayağına yazılıb". O, Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.
Tanınmış teleşərhçi Azərbaycan çempionunu çox çətin bir periodun gözlədiyini bildirib:
“Çempionar Liqasnda keçirdiyi üç oyunda üç qələbə. Top fərqi 5:0. Əla nəticədir.
“Qarabağ” bunu güc sərf etmədən, bir növ ekonom rejimdə oynamaqla əldə edib. Amma bu ekonom rejim də gələn həftə “Şkendiya” ilə Bakıdakı oyundan sonra bitəcək.
Artıq daha aqressiv hücum xəttinə, daha aktiv orta sahıədə təkmil oyun quruculuğuna ehtiyac olacaq.
“Rayo Valekano”dan Joni Montielin transferi yaxşı xəbərdir. Ümid edək ki, avrokuboklarda “Qarabağ”a faydası dəyəcək.
Ağdam klubu “Şkendiya” səddini keçəcəyi halda, Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaqla bəabər, ən azı, Avropa Liqasının əsas mərhələsinə vəsiqəni də təmin edəcək.
Bu cür şans qaçırılmazdır. Deməli, azarkeşləri qarşıda çox maraqlı mübarizə, “Qarabağ”ı isə çox çətin bir payız-qış fəsili gözləyir”.