
Futbolda zəif komanda anlayışı artıq illərdir aradan qalxmaqdadır.
Bunu dünən İrlandiyanın "Şelburn" komandası da təsdiqlədi.
Dublin təmsilçisi Avropa Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyada "Rieka"nı məğlubiyyətə uğratdı - 2:1.
"Rieka" kimdir? Xorvatiya çempionatının son qalibi!
Bəli, həmin bu "Şelburn" o "Şelburn"dur ki, ötən ayın ikinci ongünlüyündə iki dəfə bizim "Qarabağ"la Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2 dəfə qarşılaşdı və hər iki matçda uduzdu - evdə 0:3, Bakıda 0:1.
Amma komanda tezliklə özünə gəlib Xorvatiya çempionuna qalib gəldi.
Deməli, bu gün hər bir rəqibi ciddiyə almaq və ona hörmətlə yanaşmaq lazımdır.
Bizim "Qarabağ" "Şelburn"dan sonra Şimali Makedoniyada yerli "Şkendiya"ya da qalib gəldi (1:0). Bu faktı qeyd etməkdə fayda var: makedonlar isə "Qarabağ"la matçdan əvvəl Rumıniya çempionu FCSB-ni mübarizədən kənarlaşdırmışdı. Onlara hər iki matçda qalib gəlməklə (2:1, 1:0).
Yadınızdadırsa, bu FCSB 2024/25 mövsümündə Avropa Liqasında "Qarabağ"ı Bakıda məğlubiyyətə uğratmışdı (3:2).
İndi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən mövsüm bəzi matçlarda rəqiblərindən üstün oyun göstərməsinə baxmayaraq, ümumən klub üçün zəif nəticə sayılan avrokubok mövsümündən sonra komandanı toparlamağa başlayır. "Qarabağ"ın özünə gəldiyini görürük. Komandanın Çempionlar Liqasındakı startını əla qiymətləndirmək olar: 3 oyun, 3 qələbə. Bu qələbələr Azərbaycanın UEFA reytinqində 1 pillə yüksəlib 28-ə yerə çatmasında vacib rol oynayıb. Klubun özünün reytinqi də bir qədər yaxşılaşıb: komanda Avropada 69-cu yerdən 65-ci pilləyə qalxıb.
Ağdam təmsilçisi artıq Konfrans Liqasının liqa mərhələsini təmin edib. Amma bu, minimum hədəf idi. Bundan sonrakı başlıca vəzifə Çempionlar Liqası, minimum məqsəd isə Avropa Liqasının liqa mərhələsidir...
Önəmli bir detal da var. Komanda bu 3 oyunda 5 qol vurmaqla yanaşı qapısından 1 qol belə buraxmayıb. Belə yaxşı göstəriciyə təsnifat mərhələlərində iştirak edən 44 komandadan cəmi 2-si nail olub. "Qarabağ" və "Kopenhagen" (Danimarka).
Düzdür, bu uğurlu nəticələrə baxmayaraq, azarkeşlər və media tərəfindən müəyyən təzyiqlər hələ də qalmaqdadır. Bunun da yeganə səbəbi Juninyonun gedişindən sonra komandaya hələ də mərkəz hücumçusunun alınmamasıdır. Bu təzyiqlər başadüşüləndir. Azarkeş əlbəttə komandada keyfiyyətli hücumçu görmək istəyir. Amma bunu onlardan daha əvvəl elə Qurban Qurbanov və klubun rəhbərliyi özü istəyir.
Lakin bizdə olan məlumata görə, uzun müddətdir ki, legioner hücumçunun alınması istiqamətində intensiv iş aparılır. Amma işi dolaşığa salan yeganə səbəb odur ki, "Qarabağ"ın istədiyi bahalı hücumçuların klubları ilə müqaviləsi var. Hətta milyondan artıq pul təklif olunmasına baxmayaraq, ya klub futbolçusunu buraxmır, ya bəzi forvardlar özü Azərbaycan liqasına gəlmək həvəsində deyillər. Qurban Qurbanov alınması mümkün olan nisbətən aşağı keyfiyyətli hücumçuların isə komandaya çox faydası dəyəcəyəni düşünmür.
Təəssüf ki, sırf bu bircə fakt səbəbindən bu mövsüm klub tərəfindən görülən müsbət transfer işləri, hətta "Qarabağ"ın ÇL-dəki 3 oyunun 3-də qalib gəlməsi belə sosial mediada sanki kölgədə qalıb. Və nəinki kölgədə qalıb, komandanı ruhdan sala biləcək, bu 3 qələbənin sanki məhəllə klublar üzərində qazanıldığı yönündə də fikirlərə rast gəlmək mümkündür. Halbuki yuxarıda "Şelburn"un dünən Xorvatiya çempionu, "Şkendiya"nın isə daha öncə Rumıniya çempionları üzərində qələbə qazandığını qeyd etmişdik. Deməli, bu gün komandanın yanında olmaq daha vacibdir, nəinki görülən işlərdən bixəbər halda klubun, Qurban Qurbanovun və futbolçuların üzərinə getmək.
"Dinamo" Zaqrebdən icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmaee
Yeri gəlmişkən, Qurban Qurbanov hələ ötən mövsümün sonu demişdi ki, komandaya bir neçə yeni futbolçu gətiriləcək. Klub artıq 5 transfer həyata keçirib. Portuqaliyadan, Xorvatiyadan, İspaniyadan müdafiənin mərkəz və cinahına, dayaq yarımmüdafiəçi, hücumla yarımmüdafiəni birləşdirən pkeymeyker mövqeyinə futbolçular alınıb.
Qalır bir hücumçu. Güman edirik ki, tezliklə o da alınacaq və komanda hücum xəttində də güclənəcək.
Amma forvardın hələ alınmaması Qurban Qurbanovun 17 ildir bu komandada gördüyü uğurlu işlərin zədələndiyini deməyə əsas vermir.
"Qarabağ"ın baş məşqçininin sistemi saat mexanizmi kimi dəqiq işləyir. Bu mövsüm geridə qalan qələbələr, Çempionlar Liqası kimi böyuk yarışın bir addımlığında olmaq, komandanın oyundan oyuna formaya düşməsi onun isbatıdır...
İndi narazı azarkeşə qalan isə zamanı gözləyib həm səbr etmək, həm də komandaya dəstək olub ona ruh verməkdir (qol.az).