“Qarabağ”ın günorta vaxtı əlində çıraqla axtardığı hücumçu...

15:00 Qarabağ 2 336
“Qarabağ”ın günorta vaxtı əlində çıraqla axtardığı hücumçu...

«Qarabağ» artıq Çempionlar Liqasında üç oyun keçirib.

Bu qarşılaşmaların hamısında qalib gələn komanda 5 qol vurub və qapısını toxunulmaz saxlayıb.

Ser Aleks Ferqyusonun təbirincə desək, statistika mini ətək kimi bir şeydir: çox şey göstərsə də, hər şeyi göstərmir.

«Qarabağ» üç qalibiyyət əldə edib, amma… Hələ sürət yığmayıb. Qurban Qurbanov bir yol seçib - onun komandası tədricən sürət yığır və optimal formaya düşür.

Biz bu barədə 1-2 həftədən sonra nisbətən rahat danışa bilərik, hələ tezdir. Prosesin avqustun üçüncü yarısınadək davam etməsi də mümkündür.

Hə, ondan o yana «Qarabağ»ın oyununu, futbolçuların fərdi çıxışını dəyərləndirsək, daha düzgün olar.

«Şelbrun»la oyunlar intensiv məşq kimi keçdi. «Şkendiya» isə İrlandiya çempionundan bir xeyli güclüdür.

Rumıniyanın futbol brendi FKCB-ya hər iki matçda qalib gəlmiş Şimali Makedoniya çempionu ilə ilk matç «Qarabağ»ın mövcud halını bir qədər aydınlatdı.

Üstün tərəfləri və çatışmazlıqları ilə. Göründü ki, «Qarabağ» öz aləmindədir: qol epizodları yaratmaqda bir sıxıntı yoxdur. Nə qədər desən, yəni.

Problem həmin qol epizodlarından istifadə faizinin yenə aşağı olmasındadır.

Nəriman Axundzadə, Abdullah Zubir və Kadi Borgeslə bir yerə kimi irəliləmək olar, ancaq tipik hücumçu olmadan Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlmək, məncə, dünyanın səkkizinci möcuzəsinə bərabər sayılar.

Qurban Qurbanov ikinci Juninyonu axtarmır yəqin. Braziliyalı Nəriman Axundzadə və Musa Qurbanlıdan böyük forvarddır, lakin böyük forvard deyil.

O da burada olanda xeyli qol epizodunu boşa verirdi. Juninyo «Dinamo Zaqreb»lə pley-off oyunlarında önünə gələn topların yarısını tora qovuşdura bilsəydi, «Qarabağ» Liqa mərhələsinə yüksələrdi.

Çox da ki, onu 5 milyon avroya «Flamenqo»ya satdılar. Bu, Juninyonun real qiyməti deyil axı. Ölkəsinə qayıtdı və ondan ötrü bu pulu ödəyən klubun rəhbərliyini peşman etdi.

Bu gün «Flamenqo»ya 2,5 milyon avro ödəyən tapılsa, Juninyonu zurna-balabanla satarlar.

«Qarabağ»a topsuz hərəkət edən, sürətin belinə minən, özünə mövqe seçməyi bacaran ön xətt oyunçusu tələb olunur. Təbii ki, bu keyfiyyətə sahib hücumçuya babat pul vermək lazımdır.

Onu tapmaq bir problem, həmin pulu vermək başqa bir problem.

«Qarabağ» bugünədək bu zonaya transfer etməyibsə, elə bilməyin ki, Qurban Qurbanov boş oturub. Çox axtarıb, çox yeri ələk-vələk eləyib, neyləsin daha - nişan verdiyi hücumçuların heç biri Azərbaycana gəlmək istəməyib.

Kimi dindiriblər, kimlə maraqlanıblar, 1,2-1,5 milyon dollardan aşağı düşən əl eləməyib «Qarabağ»a. Müqavilə ilə bağlı olduqları klublar da təzminat mövzusunda güzəştə getməyib.

Bu, «Qarabağ» üçün faciə deyil, sadəcə, reallıqdır. İstəsən də, istəməsən də, mövcud durumla barışmalı və bir qədər gözləməlisən.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti