
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) ilə keçirəcəyi oyunun hakimləri məlumdur.
Skopyedəki ilk görüş Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub.
Səfər matçının baş hakimi İvan Krujlyak olacaq. Yan xətlərdə ona Branislav Hançko və Yan Pozor kömək edəcək.
Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
41 yaşlı hakimi kifayət qədər təcrübəli hesab edə bilərik. 2010-cu ildən Slovakiyanın yüksək dəstə oyunlarına təyinat alan referi 2012/13 mövsümündən avrokubok matçlarında fit çalır.
U-17, U-19 və U-21 millilərinin final mərhələ oyunlarının mütəmadi iştirakçısı olub, ötən il Almaniyada keçirilən Avropa çempionatında 19 baş hakimdən biri kimi 2 görüşü idarə edib (Şotlandiya – İsveçrə - 1:1, Niderland – Avstriya – 2:3).
Əsas milli komandalar səviyyəsində 37 dəfə iş başında olan Krujlyakın yolu bir dəfə bizimkilərlə kəsişib. 2021-ci ilin martında Debretsendə Qətərlə Azərbaycan arasında keçirilən yoxlama matçını məhz bu şəxs idarə edib.
Yığmamızın 1:2 hesabı ilə uduzduğu matçda meydana çıxanlardan yalnız Bəhlul Mustafazadə bu gün “Qarabağ”ın şərəfini qoruyur.
İvan karyerası ərzində 447 görüşdə iş başında olub ki, bunların 81-i avrokuboklara təsadüf edib.
Əsasən qrup mərhələ oyunlarına təyinat alan, “Real Madrid”, “Barselona”, “Mançester Siti”, “Yuventus”, PSJ kimi top-komandaların duellərini idarə edən slovakiyalının yolu klub turnirində bir dəfə bizimkilərlə kəsişib.
2015-ci ilin yayında “Qəbələ” səfərdə “Panatinaikos”un qonağı olanda, Krujlyak meydanda yaşananlara nəzarət edib. Afinada 2:2 hesabı ilə başa çatan qarşılaşmada baş hakim bizimkilərə 4, rəqib futbolçulara 3 “sarı” göstərib.
İvanın yolu təmsilçilərimizlə üçüncü dəfə kəsişəcək. Maraqlıdır ki, bu dəfə də səfər oyununda. Hakimin zəngin təcrübəyə sahib olması və böyük matçlar görməsi “Qarabağ” – “Şkendiya” yükünün altında inamla çıxacağından xəbər verir.
Bu axşam Skopyedəki “National Arena Todor Proeski” stadionunda gerçəkləşəcək duel Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ