
«Qarabağ» Çempionlar Liqasında yoluna davam edir.
«Şelburn»u iki oyunun cəmində 4:0 üstələyən Azərbaycan çempionunu üçüncü mərhələdə «Şkendiya» gözləyir.
Şimali Makedoniyanın ən güclüsü «Qarabağ»ın önünə çıxmaq üçün FKSB-ni mübarizədən kənarlaşdırdı. Hər iki matçda rumınlara qalib gəldilər - 1:0 və 2:1.
Baxıram, oxuyuram və görürəm ki, əksər ekspertlər indi eyni «mahnı»nı oxuyur. Bir ağızdan iddia edirlər ki, «Qarabağ» Balkan yarımadasından olan rəqibini birnəfəsə keçəcək, gəzə-gəzə pley-offa vəsiqə qazanacaq.
Avazları yaxşı gəlir. Və açığı, bu, məni bir qədər qorxudur.
Heç şübhəsiz, «Qarabağ»ın futbolçuları başqa planetdən gəlməyib, mediada, sostal şəbəkələrdə yazılanları onları da ozuyurlar.
Səsləndirilən fikirlərin onlara mənfi təsirindən narahatam. Birdən arxayınlıq yaradar deyə.
Düzünü bilmək istəyirsizsə, bəndəniz «Qarabağ»ın pley-off yolunda FKSB ilə qarşılaşmasını arzulayırdı. Onda hər şey tamamilə fərqli olacaqdı.
FKSB-nin prezidenti Cici Bekalinin «Qarabağ»la bağlı aşağılayıcı sözlər yəqin yadınızdadır.
Düşünürəm ki, onun dediklərindən «Qarabağ»da hamı məlumatlıdır. Qurban Qurbanova da bir neçə dəfə bu haqda sual veriblər.
Cavabı yayındırıcı və sakitləşdirici olsa da, onu yaxşı, yaxından biri kimi söyləyə bilərəm ki, Bekalının çıxışından sitat gətirib, futbolçuları necə motivasiya edəcəkdi.
Daxildə elə atmosfer yaradacaqdı ki, hər bir oyunçusu rumıniyalı klub başqanını peşman etmək üçün meydanda dişi və dırnağıyla döyüşəcəkdi.
Əlqərəz, Bekalinin mövqeyini çatdırıb, komandasının qələbə ehtirasını maksimum həddə çatdıracaqdı.
Digər tərəfdən, ötən mövsümdən xatirə qalan bir revanş var. Avropa Liqasının Liqa mərhələsində FKSB-yə Bakıda 2:3 hesablı məğlubiyyəti unutmayaq.
«Qarabağ» həmin yenilginin əvəzini çıxmaq üçün bu dəfə iki fürsət əldə edəcəkdi, olmadı.
«Şkendiya» ölkəsinin böyüyüdür. Balkanın yeni brendidir. Amma hələ Avropada «Qarabağ» qədər tanınmır. Bahalı transferləri yoxdur.
Bu, yəqin ki, Qurban Qrubanovu da qayğılandırır.
Adətən, belə rəqiblərlə oyunlar «Qarabağ» üçün daha çətin keçir. Futbolçuları kökləmək baş məşqçiyə əziyyət verir.
«Əşşi, «Şkendiya»dır da…» fikrini futbolçuların başından çıxarıb atmaqdan ötrü onlarla əvvəlkindən bir qədər çox danışmalı, təsir etməli olacaq.
MUSA