
"Qarabağ" Şelburn"a Bakıda da qalib gələrək (1:0) Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı.
Görüşün ən yaxşılarında biri şübhəsiz Kadi Borqes idi.
Marko Yankoviçin mövqeyinə çəkilən braziliyalı aşağı-yuxarı bütün hücumların qurulmasında birbaşa iştirak edirdi.
Elə qolu da onun ayağına yazmaq olar.
Cinahda bir hərəkətlə iki rəqibi arxada qoyaraq cərimə meydançasına elə ötürmə etdi ki, qonaqların topu öz qapısına yollamaqdan başqa çarəsi qalmadı.
"20 nömrə" özü də fərqlənə bilərdi.
Amma ikinci yarıda onun penaltidən vurduğu zərbənin qol olmasına "Şelburn"un qolkiperi imkan vermədi.
Belə yerdə ötən mövsüm "Tottenhem" səfərində Toral Bayramovun 11 metrlik nöqtədən zərbəni dəqiq yerinə yetirə bilməməsi yada düşür.
Buna görə millimizin üzvü az tənqid olunmamışdı.
Ki, Juninyo, Benziya kimi gəlmələr vursa qol olardı.
Biz elə onda da yazmışdıq ki, doğru irad deyil.
Bayramov bu işi hətta bir çox əcnəbilərdən yaxşı bacarır.
Sadəcə olmayanda olmur. Dünya ulduzlarının da ifasında belə uğursuzluq az olmayıb.
Üzərindən heç bir il ötməyib.
Doğma meydan, münasib rəqib...
Bu qədər rahatlığın içində zəngin təcrübəsi olan bir əcnəbi çox bərbad penalti zərbəsi ilə yadda qaldı.
Bunu Kadinin timsalında zamanın həmin iradlara əyani cavabı kimi də qiymətləndirə bilərik.
XANOĞLAN / SPORTİNFO.AZ