
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözel Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Şelburn”u 1:0 hesabı ilə məğlub etdikləri matç haqda sualları cavablandırıb.
- “Qarabağ”ın çıxışını necə qiymətləndirirsiniz?
- Çox müsbət qiymətləndirirəm. Gözəl oyun oldu. Əsas odur ki, heyətdə zədələnən olmadı. Bu, mənim üçün önəmli idi. Komanda yaxşı təsir bağışladı. Penaltini qaçırdıq. Bu da futbolda olan haldır. Klub prezidenti kimi məni sevindirən ikinci məqam odur ki, yeni transferlərimiz baxımlı, çox gözəl futbolçulardır. Düzdür, Bolt zədə səbəbindən Bakıdakı matçda meydana çıxa bilmədi. Ümumilikdə, yaxşı transferlər etmişik. Çox razıyam. Daha iki transferimiz olmalıdır. Qurban hoca istəyib, biz də ona dəstək veririk.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Hücum və orta xətti. Daha doğrusu, hücuma meyilli yarımmüdafiəçi.
- Mətbuatda yayılan xəbərə görə, “Turan Tovuz” sabiq hücumçunuz İbrahima Vadjini transfer edir. Maraqlıdır, “Qarabağ” niyə sabiq hücumçusunu geri qaytarmaq istəməyib?
- O detaldan xəbərsizəm. Mən Qurban hocanı təbrik edirəm. “Qarabağ”ın dəst xətti, özünəməxsus oyun tərzi var. “Şelburn”la ikinci görüşdə 4 yeni oyunçu meydanda olsa da, komanda özünü yaxşı göstərdi. Daha iki transferimiz də olsa, 2017/18 mövsümündəki nəticəni (Çempionlar Liqasının qrup mərhələsi nəzərdə tutulur - red.) təkrarlaya bilərik.
- “Qarabağ” “Şelburn”u mübarizədən kənarlaşdırmaqla minimum UEFA Konfrans Liqasının liqa mərhələsini təmin etdi...
- Əlbəttə ki, bu, bizi sevindirir. Lakin hədəfimiz daha yüksəkdir. Bu, “Qarabağ”ın gəliri üçün də önəmlidir. Yaxşı transferlər edə bilərik. Həmişə deyirəm, sponsorumuz əladır, “Azərsun” bu baxımdan 1 nömrədir. İllərdir klubu dəstəkləyir. Bu, minlərlə insanın zəhmətinin nəticəsidir. Lakin həmişə istəyirik ki, klub sponsordan asılı olmasın. Müstəqillik hər kəsə xoşdur. İstərdik ki, öz gəlirlərimizlə klubu idarə edək. Ona görə avrokuboklardakı oyunlar çox önəmlidir.
- “Qarabağ”a rəqib ola bilməyən FCBS-nin prezidenti Cici Bekali komandanıza atmacalar atırdı, açıqlamaları ilə qıcıq yaradırdı. Həmkar kimi ona cavab vermək istərdiniz?
- Bizim sözümüz varsa, meydanda deyirik. Qurban hoca da bu barədə qısaca fikrini bildirdi. Mən də onunla tam razıyam. Bizim mənəviyyatımız başqadır.
- Növbəti rəqib Şimali Makedoniya çempionu “Şkendiya” oldu. Əvvəldən bu rəqiblə qarşılaşmağı istəyirdiniz?
- Biz əvvəldən öz aramızda danışarkən deyirdik ki, rəqibin bizim üçün fərqi yoxdur. Ötən il FCSB-ya uduzmuşduq. Revanş baxımından onlarla qarşılaşmaq istərdik. Digər tərəfdən isə bazar ertəsi Bakıda vacib görüşlərim var. Ona görə Şimali Makedoniya çempionu ilə qarşılaşmaq da xoşdur.