“Qarabağ”dan növbəti darmadağının “qoxusu” gəlir – 19 ilə söykənən tarix

30 İyul 18:00 Qarabağ 399
“Qarabağ”dan növbəti darmadağının “qoxusu” gəlir – 19 ilə söykənən tarix

“Qarabağ” uzaq və çətin İrlandiya səfərindən qələbə ilə qayıtmağı bacardı.

Ötən həftə “Tolka Park” stadionunda keçirilən görüşdə ağdamlılar “Şelburn”a aman vermədən 3:0 hesablı qələbəni bayram etdi.

Çempionlar Liqasının III mərhələsinə yüksəlmək üçün Azərbaycan çempionu cavab matçından da qalib ayrılmalıdır.

Lakin bu, elə də çətin olmayacaq. Statistika və rəqəmlər “köhlən atlar”ın bu axşam rahat qələbə qazanacağından xəbər verir.

“Şelburn” 1962-ci ildən bu yana iştirak etdiyi avrokuboklarda indiyə qədər 59 oyun keçirib. Bunlardan tam yarısı – 29-u səfərdə gerçəkləşib.

“Qırmızılar” bu qarşılaşmaların 21-də məğlub olub ki, 6-sında öz qapısından 3 və daha artıq top buraxıb. Digər 6 matç heç-heçə başa çatıb.

İrlandlar özgə meydanında tarixi ərzində cəmi 2 qələbəyə sevinib.

Bunlardan biri 2005-ci ilin yayında Şimali İrlandiyada “Qlentoran”la dueldə yaşanıb (2:1), digəri isə 19 il əvvəl – 2006-cı ildə Litvada “Vetra” ilə oyunda əldə olunan qalibiyyət olub – 1:0.

Statistika deyir ki, “Qarabağ” ehtiyatı əldən verməsə, bu axşam “Şelburn”u nəinki məğlub, hətta növbəti dəfə darmadağın edə bilər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti saat 20:00-da çalınacaq.

BİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti