
“Qarabağ”dan ayrılan Rüstəm Əhmədzadə klub axtarışına çıxıb.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçunun əsas məqsədi karyerasını Avropa və Asiya ölkələrinin birində davam etdirməkdir.
O, məhz bu səbəbdən yerli klublarının təklifinə isti yanaşmır.
İşin başında Rüstəmin legioner həyatı yaşamaq istəyi dayanırsa, digər məsələ yüksək qazanc həvəsinə düşməsidir.
Agentlərlə əlaqə saxlayan Əhmədzadə ölkə xaricində oynamaq istədiyini bildirərək, ən sərfəli variantları götür-qoy etmək həvəsində olduğunu deyib.
“Köhnə qitə”dən xidmətində maraqlı olan klub tapılsa, Azərbaycanda qalmayacaq. Əks halda, yerli klublardan ən yaxşı pul verənlə müqavilə bağlayacaq.
Hücumda və yarımmüdafiənin cinahlarında oynamaq bacarığı ilə seçilən sabiq “Qarabağ”lı 2021-ci ildən dəvət aldığı Azərbaycan millisinin heyətində 10 oyunda şans qazanıb.
Rüstəm “Qarabağ”da 8 oyunun iştirakçısı olub. Son illər icarə əsasında top qovduğu “Zirə”də bütün yarışlarda 96 matçda 8 qol vurub, 8 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ