
"Qarabağ" bu gün Çempionlar Liqasında mübarizəyə start verəcək.
İlk sınaq "Şelburn"a qarşı olacaq.
Ağdam klubu heyətdə ciddi dəyişikliklərlə İrlandiyaya yola düşüb.
Patrik Andrade, Yassin Benzia, Marko Veşoviç, İsmayıl İbrahimli, Redon Cica, Rüstəm Əhmədzadə ilə yolları ayıran klub Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku və Sami Mmaee ilə gücləndi.
Yenilərin hamısının müdafiəyönümlü olması əsas narahatlıq yaradan məqamdır.
Olavio Juninyodan sonra onsuz da "köhlən atlar"ın hücum xətti kəsərini bir xeyli azaltmışdı.
Sadəcə Premyer Liqada həmin boşluğu hətta yarımmüdafiəçilərlə da doldurmaq mümkün olurdu.
Amma avrokuboklarda bu heç də asan olmayacaq.
Artıq indidən klubun azarkeşləri həyəcan siqnalını verib.
Belə ki, "Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət" öz rəsmi feysbuk hesabında yazdığı postla öz narahatlığını ifadə edib:
“Qarabağ” hücumçu transfer etməyə gecikir.
Nə Nəriman,nə Musa, nə də Addai “Qarabağ”ın Avropa arenasında keçirəcəyi oyunlarda yükün altından çıxacaq futbolçu deyil".
Fanatların narahatlığı başadüşüləndir. Amma bu cür hallar həm Musa, həm də Nərimanı iki qat motivasiya etməlidir. Ki, meydana çıxıb vurduqları qollarla komandaya nə qədər yararlı olduqlarını göstərmiş olsunlar. Axı bir futbolçunun sözünü deyə biləcəyi yeganə yer məhz meydandır!
XANOĞLAN / SPORTİNFO.AZ