
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah səfərdə "Şelburn"un qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq bildirim ki, çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki komandanın oyunu canlı izləyərkən özünə xas bir oyun üslubunun olduğunu görürük və bu üslubu çox intizamlı yerinə yetirən futbolçular da var. Rəqibin oyun təcrübəsi baxımından üstünlüyü bizdən yüksəkdir. Onlar hazırda həm çempionatda,həm də Çempionlar Liqasında mübarizəni davam etdirirlər. Buna görə də, forma baxımından bizdən daha yaxşıdırlar. Ancaq hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq və sabahkı oyunda səhvsiz oynamağa çalışmalıyıq. İnanıram ki, azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burada azdır, amma sanki 10-15 minlik stadionda oynayırsan. Çünki onların azarkeşlərinin sayı az olsa da, istəklərini Belfastda canlı gördüm.
- Təhlükəni daha çox nədən gözləyirsiniz?
- Sürətli əks-hücumları və çox yaxşı hücuma hazırlaşan komandadır. Standart vəziyyətlərdən də təhlükəli olduqlarını deyə bilərəm. Sabah biz çalışmalıyıq ki, az səhv edək və beləliklə istədiyimiz nəticəni əldə edək.
- "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir. Artıq, 11 ildir ardıcıl olaraq qrup mərhələlərində iştirak edir. Bu uğurun sirri nədir?
- Mən buna sirr deməzdim. Klub öz işinə çox məsuliyyətli yanaşır. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, hər il ən azından uğur qorunub saxlanılmalıdır deyə bir prinsip var. Əfsuslar olsun ki, hər dəfə düşündüyümüz nəticəni əldə edə bilmirik. Amma bu 11 ildə qruplarda oynamaq həqiqətən bir uğur kimi düşünülə bilər.
- Bir neçə il əvvəl İlandiyada "Dandolk"la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da eyni situasiya ilə qarşılaşsanız, buna münasibətiniz necə olar?
- Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf edər. Belə ki, Bakıdakı oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Ancaq bizi sabah çox istəkli və intizamlı kollektivə qarşı oyun gözləyir. Mən bunu tərif olaraq demirəm. Bu gün onlar bunu haqq edirlər. Bu stadionda oynamaq heç də asan deyil. Sabahkı oyunda hər bir nəticə ola bilər. Hər bir halda, qalib cavab qarşılaşmasında bəlli olacaq.