
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
Görüş Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Ante Çulinaya yan xətt hakimləri kimi Luka Puşiç və İvan Mihali köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
32 yaşlı ədalət təmsilçisi ilə bağlı diqqətçəkən fakt onun beynəlxalq oyunlara təyinat aldığı vaxt Xorvatiyanın yüksək liqasında debüt etməməsidir.
Belə deyək, I Liqanın matçlarına təyinat aldığı zaman – 2021-ci ildə FİFA ona milli komandalar arasındakı yoldaşlıq görüşünü etibar edib.
Antenin beynəlxalq təcrübəsi əsasən U-17 və U-19 milliləri arasındakı oyunlarla bağlıdır. Avrokuboklarda cəmi 3 oyunda iş başında olub ki, bunlardan 2-si Konfrans, 1-i Avropa Liqasına təsadüf edir.
Daha bir önəmli məqam Çulinanın Çempionlar Liqasındakı debütünün məhz “Qarabağ” – “Şelbrun” matçına təsadüf etməsidir. O, bir nömrəli klub turnirində ilk dəfə hakimlik edəcək. Və bu oyun xorvat referi üçün tarixə düşəcək.
İyulun 23-də Dublində yerləşən “Tolka Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ