
“Qarabağ” növbəti mövsüm öncəsi üçüncü transferini gerçəkləşdirdi.
Dani Boltla Pedro Bikalyonu heyətinə qatan ağdamlılar Kris Kuakunu ictimaiyyətə təqdim etdi.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçunun ilk iş yeri vətənindən kənarda – Tunisdə “Sfaksien” olub.
O, burada top qovduğu 3,5 il ərzində müxtəlif turnirlərdə oynamaq şansı qazanmaqla 63 qarşılaşmada meydana çıxıb. 3 qol vurub, 3 məhsuldar ötürməyə imzasını yazdırıb. İki dəfə ölkə kubokunun qalibi adını qazanıb, iki dəfə çempionatın gümüş medalını boynundan asıb.
2022-ci ilin yanvarında Tunisdən Danimarkaya yollanaraq ölkənin məşhur klublarından olan “Midtyulland”la anlaşıb.
Lakin burada özünü göstərə bilməyib. 4 görüşdə cəmi 43 dəqiqə meydanda olub. Daha 1 oyun əvəzedici heyətdə keçirərək Skandinaviya ölkəsini Portuqaliyaya dəyişib.
2023-cü ilin yanvarında “Mafra” ilə anlaşan afrikalı son 2,5 ili məhz bu komandanın uğurları üçün tər töküb. Kuaku karyerasının ən parlaq dönəmini “Mafra”da keçirərək Portuqaliyanın II Liqa təmsilçisinin əsas fiqurlarından birinə çevrilib.
Sequndada və Portuqaliya kubokunda ümumilikdə 84 görüşün iştirakçısı olmaqla 2 qol və 1 assistlə fərqlənib.
Futbolçu keyfiyyətlərinə gəlincə, Krisin əsas üstünlüyü yarımmüdafiənin bütün mövqelərində oynamaq bacarığıdır.
Dayaq yarımmüdafiəçisi və oyun qurucusu funksiyasını inamla yerinə yetirdiyi kimi, sağ cinah müdafiəçisi kimi də pis təsir bağışlamır.
Məsələn, “Mafra”da şans qazandığı 84 oyunun 63-nü mərkəz, 17-sini dayaq yarımmüdafiəçisi kimi keçirib. Futbol dili ilə desək, “6”, “8”, yeri gələndə “10” nömrə kimi görünür.
Əsasən sol ayağı işlək olan “Qarabağ”ın yeni transferi ağıllı oyunu ilə fərqlənir. Soyuqqanlı və sürətlidir, topla rəftarı yaxşı bacarır.
Rəqibin cərimə meydançası həndəvərində komandasının xeyrinə cərimə zərbəsi qazanmağın ustasıdır. Tam olmasa da, müəyyən mənada Julio Romaonu xatırladır.
Çatışmayan cəhəti qol imkanlarından maksimum yararlanmamaqdır. Son zərbələrində dəqiqliyin çatmamasına görədir ki, peşəkar karyerasında şans qazandığı 152 matçda cəmi 5 dəfə qol sevinci yaşayıb.
Qurban Qurbanovun qarşıdakı matçlarda yarımmüdafiənin mərkəzində Marko Yankoviç-Pedro Bikalyo-Kadi Borges üçlüyünə güvənəcəyini nəzərə alsaq, Kuaku hələlik gözləmə mövqeyinda olacaq. Meydana çıxdığı oyunlarda Qurban Qurbanovun könlünə yol tapana qədər.
HƏBİB / SPORTİNFO.AZ