
“Qarabağ”ın yeni transferi Dani Boltun rəsmi sənədlərdəki ad-soyadı Daniel Lima de Kastrodur.
Bolt isə sonradan götürdüyü ləqəbdir.
Yəni bunun pasport göstəricilərinə heç bir aidiyyəti yoxdur.
Daninin sürətinə görə həmyaşıdlarından fərqlənməsi onun sonradan bu cür tanınmasına səbəb olub.
Braziliyalı müdafiəçi Sportinfo.az-a açıqlamasında bu işin tarixçəsi barədə danışıb:
“Bu, mən hələ uşaq olanda baş vermişdi. O vaxt Braziliyada “Fluminense”nin akademiyasında oynayırdım.
Sürətli olduğuma görə komanda yoldaşlarım məni yamaykalı yüngül atlet Useyn Bolta istinad olaraq “Dani Bolt” çağırırdılar. O dövrdən də belə qalıb”.
Maraqlıdır, “Qarabağ”ın müdafiəçisinin 8 qat olimpiya, 11 qat dünya çempionu ilə görüşmək imkanı olub? Ümumiyyətlə, belə bir arzusu var?:
“Düzü, indiyə qədər belə bir şansım olmayıb. Amma gələcək günlərin birində bəlkə də gerçəkləşər. Bu, baş versə, mənim üçün xoş təcrübə olar”.
HƏBİB