
“Qarabağ” Çempionlar Liqasına hazırlıqlarını davam etdirir.
Toplanışın ilk mərhələsini Bakıda keçən “köhlən atlar” yoldaşlıq görüşləri üçün Avstriyaya yollanıb.
Azərbaycan çempionu Avropa ölkəsində məskunlaşacağı iki həftə müddətində dörd sınaq matçında qüvvəsini sınayacaq.
Hazırda komanda ilə təlim-məşq toplanışında olan Kevin Medina Sportinfo.az-a açıqlamasında düşərgədəki ab-hava barədə danışıb:
“Hazırlığın ilk mərhələsini Bakıda keçdik. Bu dönəmdə “Zirə” ilə yoldaşlıq matçında üz-üzə gəlib səhvlərimizi gördük, çatışmazlıqlardan xəbərdar olduq.
Artıq Avstriyadayıq. Burada əsas məqsəd yoldaşlıq görüşləri keçirməklə oyun planında inkişafa nail olmaqdır.
Düşünürəm ki, iki həftəlik period işimizə yarayacaq. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməklə Çempionlar Liqasının matçlarına qədər hazır olacağımızı düşünürəm.
Düşərgədə xoş əhval-ruhiyyə hökm sürür. Komandaya yeni qoşulan futbolçular da uyğunlaşma dövrünü uğurla keçir”.
“Qarabağ” Avstriya toplanışında ilk görüşünü iyulun 7-də Xarkov “Metallist”inə qarşı keçirəcək. İyulun 11-də “Tvente” ilə iki oyunun təşkili nəzərdə tutulub.
İyulun 15-də yerli “Zalsburq”la qarşılaşacaq təmsilçimiz bir gün sonra vətənə qayıdacaq.
HƏBİB