
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti olmayacaq.
Hələ aylar öncədən bu qərar açıqlananda qeyd etmişdik ki, bununla da yerli futbolçuların oyun praktikası qazanması çətinləşəcək.
Artıq ilk fürsətdə biz bunun siqnallarını aldıq.
Belə ki, bir neçə gün əvvəl "Qarabağ" və "Zirə" yoxlama görüşündə üz-üzə gəldi.
Yerlilərin kölgədə qalmasını görmək üçün Ağdam klubunun böyük hesabla (4:0) qələbəsi ilə bitən matçın start heyətlərinə baxmaq kifayətdir.
Həm Rəşad Sadıqov, həm də Qurban Qurbanov ilk "11-lik"də cəmi 2 yerliyə şans vermişdi.
Əvvəlki limitə görə klublar minimum 4 yerliyə startdaca yer ayrılmalı olurdu. Və 90 dəqiqə minimum bu şərt dəyişməz olaraq qalırdı.
Hələ yeni transferlər bitməyib, əcnəbi axını asta sürətlə davam edir, amma bu şərtlər altında da biz azərərbaycanlı futbolçuların sözün həqiqi mənasında oyundan kənarlaşdırıldığını görürük.
Sınaq matçında güvənilməyən futbolçular rəsmi oyunlarda kimə lazım olacaq? Heç kimə!
Böyük ehtimal tendensiya daha sürətlə davam edəcək.
Nə klubları, nə də onun məşqçilərini qınamağa dəyməz.
Əcnəbilər üçün qapı açıqdırsa, yerlini düşünməyə kimsə məcbur deyil.
Burasını qərar verənlər, onları dəstəkləyənlər fikirləşsin...
XANOĞLAN / SPORTİNFO.AZ