
"Qarabağ" klubu bir neçə gün əvvəl doğma Ağdama səfər etməsi ilə yadda qaldı.
"Köhlən atlar" təmsil olunduğu şəhərdə sonuncu dəfə 5 il olmuşdu.
Aradan ötən müddətdə azad Ağdamda bir çox işlər görülüb.
Klub rəhbərliyi və futbolçular restavrasiya edilən cümə məsçidində olub, namaz qalıblar.
Təməli tökülən İmarət stadionu ilə yaxından tanışlıq gerçəkləşib.
Çempionluq kuboku yenidən bərpa edilən İmarət Kompleksinə gətirilib.
Kollektivin doğma yurduna qayıdan yerli əhali ilə səmimi görüşü təşkil olunub.
Həqiqətən, sıx qrafikdə olmasına rəğmən klubun təmsil etdiyi bölgəni unutmaması təqdirəlayiqdir.
Amma səfər proqramını tərtib edənlərin buraxdığı ciddi nöqsanı da mütləq qeyd etməliyik.
Ağdamın hər qarışını gəzən, hətta Şuşada, Füzulidə, Xankəndidə tədbirlərə qatılan klub təəssüf ki, Ağdam şəhidlər xiyabanına baş çəkməyi unudub.
O şəhidlər xiyabanı ki, orada həm də "Qarabağ" klubunun simvolu sayılan Allahverdi Bağırov uyuyur.
Söhbət "Qarabağ"ın sabiq kapitanından, baş məşqçisindən, həm də Azərbaycanın Milli Qəhrəmanından gedir.
Klubun əfsanəsi 5 dəqiqəlik ziyarəti haqq etmirdimi?
Nəzərə alaq ki, Şəhidlər xiyabanı kollektivin ziyarət etdiyi cümə məscidi və İmarət Kompleksindən maksimum 10 dəqiqəlik məsafədədir.
Belədə bu cür unutqanlıq, laqeydlik "Qarabağ"a yaraşmadı...
XANOĞLAN İMANOV