
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov gənclərə yol açmağa davam edir.
Ötən mövsümün gedişində Amin Rzayev və Hikmət Cəbrayılzadəyə şans tanıyan təcrübəli mütəxəssis bu dəfə 5 yeni simaya «yaşıl işıq» yandırıb».
Onun istəyi ilə əvəzedici heyətin üzvlərinə şengen vizası açılıb. Həmin oyunçular komandanın Avstriya toplanışına aparılacaq.
Ağdam klubu iyunun 18-də yeni mövsümün hazırlıqlarına start verib. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. «Köhlən atlar» iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.
“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq.
SPORTİNFO.AZ