“Qarabağ”ın yeni transferi ilə bağlı maraqlı faktlar üzə çıxdı... Bilirdizmi?

22 İyun 21:40 Qarabağ 795
“Qarabağ”ın yeni transferi ilə bağlı maraqlı faktlar üzə çıxdı... Bilirdizmi?

“Qarabağ” mövsümlərarası fasilə dönəmində ilk transferini təqdim etdi.

Braziliyalı futbolçu Dani Bolt bundan sonra “köhlən atlar”ın uğurları üçün tər tökəcək.

Bolt kimdir? Futbolçu karyerasında nələr yaşanıb? Hansı keyfiyyətlərə malikdir?

Ağdamlıların “yeni”si 1999-cu ilin iyunun 18-də Rio de Janeyroda anadan olub. Tam adı Daniel Lima de Kastro olsa da, oynadığı klublarda Dani Bolt kimi tanınıb.

Dani Danielin kiçildilmiş formasıdır. Bəs Bolt?

O, bu ləqəbi yamaykalı sprinter Useyn Boltdan ilhamlanaraq sürətinə görə alıb.

Hər nə qədər maraqlı olsa da, Dani böyük futbolda 23 yaşından sonra parlanağa başlayıb. Bu yaşına qədər “Fluminense”nin U-20, “Atletiko Paranaense”nin B komandasında çıxış edən müdafiəçi sonradan icarə əsasında “Vitoriya” və “Yuventude”də forma şansı qazanıb. İkincilərin heyətində B Seriyasında mübarizə aparmaqla Portuqaliya klubunun diqqətini çəkib.

2024-cü ilin yanvarında “Torrense” Bolta görə “Atletiko”ya təzminat ödəyərək onunla 2,5 illik müqaviləyə imza atıb.

Portuqaliya Sequndası braziliyalıya özünü göstərmək baxımından əla imkan olub. 2023/24 mövsümünün ikinci yarısında 13 oyunda forma geyinməklə 1 məhsuldar ötürməyə imzasını yazdırıb.

Ötən mövsümdə isə çempionatda 34 matçda meydana çıxıb ki, 1 qol və 3 assistlə fərqlənib. Ölkə kubokunda isə 2 matçda 1 qol vurub.

Əsasən müdafiənin sağ cinahındakı çıxışı ilə tanınan səbəbkarın ən böyük üstünlüyü sabitliyi qorumasıdır. İnanılmaz sürətə sahibdir.

Pressinq etməklə rəqiblərdən top almağı bacardığı kimi, qapı qarşısına yerlə və havayla ideal ötürmə etmək istedadı da var. Bir sözlə, öz cinahında “at oynatmağı” yaxşı bacarır. “Sağ”da Leandro Andrade ilə mükəmməl tandem yarada bilər.

Qurban Qurbanovun transferlər zamanı futbolçunun şəxsi keyfiyyətlərinə xüsusi önəm verdiyini bu dəfə də görmək mümkündür. Dani müdafiəçi və ən əsası, braziliyalı olsa da, son dərəcə intazımlıdır.

Son 4 ildə meydana çıxdığı 100-ə yaxın oyunda qarşısında cəmi 16 dəfə sarı vərəqə görüb. Hər nə qədər təəccüblü görünsə də, bir dəfə də olsun meydandan qovulmayıb.

İndiyə qədər avrokubok matçlarının həyəcanını yaşamayan futbolçu “Qarabağ”la 3+1 il şərti ilə müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu