
Yay fasiləsində dörd futbolçu ilə yollarını ayıran “Qarabağ”da komandanın güclənməsi yönündə işlər davam edir.
Bir neçə gün öncə sağ cinah müdafiəçisi Dani Boltla anlaşan “köhlən atlar” daha bir braziliyalının keçidini həll etdi.
Braziliyalı Pedro Bikalyo da bundan sonra ağdamlıların şərəfini qoruyacaq.
2001 doğumlu futbolçu peşəkar karyerasının ilk illərində ölkəsində “Kruzeyro” və “Palmeyras” kimi ünlü klubların formasını tərlətməyə imkan tapıb. Hətta ikincilərin heyətində Libertadores kubokunun qalibi olmağa da imkan tapıb.
2022-ci ildə Braziliyanı tərk edərək Portuqaliyaya (“Santa Klara” klubu) yollanıb, lakin 6 aydan sonra yenidən vətənə qayıdıb. Qısa müddət “Vitoriya”nın şərəfini qoruyandan sonra yenidən Portuqaliyaya üz tutub və 2023-2025-ci illər aralığında Sequndada mübarizə aparan “Alverka”nın uğurları üçün çalışıb.
Bikalyo Yassin Benzianın yaratdığı boşluğu doldurmaq üçün cəlb olunub. Çünki oynadıqları mövqe baxımından eyni funksiyanı daşıyırlar. “Qarabağ”ın yeni transferi həm dayaq yarımmüdafiəçisi, həm “8 nömrə”, həm də “10 nömrə” funksiyalarını yerinə yetirməyi bacarır. Ehtiyac yarandığı təqdirdə sağ cinah yarımmüdafiəçisinin öhdəliklərini yerinə yetirir.
Məhsuldarlıq keyfiyyəti gözlənilən səviyyədə deyil. 2020-ci ildən bu yana peşəkar səviyyədə oynadığı 90 matçda cəmi 4 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.
Hər iki ayağından məharətlə yararlanması əsas üstünlüklərindəndir. Komandasının hücumu zamanı top onda olanda, hiyləgər ara ötürmələri və uzun paslar verməyi yaxşı bacarır.
Cərimə meydançasının xaricindən rəqib qapıçıların sayıqlığını yoxlamağı xoşlayır. Lakin dəqiqlik əmsalı aşağıdır.
Bir qədər ağırdır, sürət amili ən yaralı yeridir. Ləngliyini gövdəsindən və texniki bacarığından istifadə etməklə sığortalamağa çalışır.
“Qarabağ”ın keçmiş futbolçusu Miçel Madera yadınıza gəlir? Oyun üslubları təxminən oxşardır. Sadəcə boy və məhsuldarlıq göstəricilərində Bikalyo Miçelə həsəd apara bilər.
Yeni komandasında 35 nömrəli formanı geyinəcək braziliyalı ilə 3+1 illik müqavilə bağlanıb.
HƏBİB / SPORTİNFO.AZ